ABŞ Prezidenti Donald Trampın göstərişi ilə Ağ Evin bir hissəsinin sökülməsinə başlanılıb.
Modern.az xəbər verir ki, ""The Washington Post qəzetinin məlumatına görə, məqsəd Prezidentin şəxsi təşəbbüsü ilə yeni ziyafət zalının inşasıdır.
Məlumata əsasən, tikinti briqadaları artıq binanın şərq qanadının sökülməsi işlərinə başlayıb. Ekskavatorlar əraziyə cəlb olunub, texnikanın səsi isə Ağ Evin həyətindən də eşidilib.
Donald Tramp daha əvvəl layihənin mövcud binaya toxunmayacağını bildirmişdi: “O, əsas binaya mane olmayacaq. Yanında yerləşəcək, amma binaya toxunmayacaq”, – deyə o, iyul ayında imzaladığı fərmanın təqdimatında qeyd edib.
Rəsmi şəxslərin açıqlamasına görə, yeni ziyafət zalı hazırkı şərq qanadını əvəz edəcək. Onlar əlavə ediblər ki, həmin konstruksiyada Tramp hakimiyyətə gəlməzdən çox əvvəl bir sıra dəyişikliklər edilmişdi.
Prezident əvvəlcə layihənin dəyərini 200 milyon dollar olaraq qiymətləndirmişdi, lakin sonradan bu rəqəm 250 milyon dollara yüksəlib. Yeni zalın 650 nəfərlik tutuma malik olacağı bildirilir.