ABŞ prezidenti Donald Tramp yeni baş nazir Sanae Takaiçi ilə görüşmək üçün oktyabrın 27-də Yaponiyaya üç günlük səfər edəcək.
Modern.az xəbər verir ki, bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Minoru Kihara məlumat yayıb.
"Prezident Trampın səfəri Yaponiya-ABŞ müttəfiqliyini daha da gücləndirmək üçün son dərəcə mühüm fürsətdir", - deyən Kihara hökumətin səfəri "səmimi şəkildə alqışladığını" əlavə edib.
Kihara həmçinin ümid etdiyini bildirib ki, iki lider etimada əsaslanan şəxsi əlaqələr quracaq, Tokio və Vaşinqtonun "azad və açıq Hind-Sakit okean" yaratmaq üçün birlikdə çalışacaqlarını bir daha təsdiqləyəcək.
Oktyabrın 27-dən 29-a kimi səfəri zamanı Tramp imperator Naruhito ilə də görüşəcək.
Tramp Yaponiyaya sonuncu dəfə 6 il əvvəl, birinci prezidentliyi dövründə səfər edib. Hakim Liberal Demokrat Partiyasının lideri olan Takaiçi oktyabrın 21-də baş nazir seçilib.