Ukrayna Rusiya ilə danışıqlara hazırdır, lakin bunun üçün öz ərazilərini tərk etmək niyyətində deyil. Kremlin danışıqlara getməsini məcbur etmək üçün daha çox təzyiq göstərilməlidir.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski İsveçdə jurnalistlərlə söhbəti zamanı bildirib.
Prezident qeyd edib ki, Ukrayna atəşkəsin əldə olunmasını dəstəkləyir, lakin birincisi, öz ərazilərindən çıxmaq şərti ilə deyil, ikincisi isə əvvəlcə təhlükəsizlik təminatları vacibdir. ABŞ Prezidenti Donald Trampla da danışığımız olub.
“Biz atəşkəs məsələsini dəstəkləyirik, diplomatik mərhələyə keçməyə hazırıq, lakin elə şərtlərlə yox ki, hansısa ərazilərdən çıxmalı və Rusiyaya torpaq bağışlamalı olaq. Söhbət kilometrlərdən getmir, söhbət bizim insanlarımızdan və kimliyimizdən gedir. Bu, bizim ərazi bütövlüyümüzdür”, – deyə Ukrayna Prezidenti vurğulayıb.
Zelenski, həmçinin qeyd edib ki, Ukrayna Rusiyanın real danışıqlara başlamağa heç bir diplomatik hazırlıq göstərmədiyini görür: “Kreml hər nə edirsə, bununla ABŞ və Avropanın mühüm qərarlarını telefon zəngləri ilə təxirə salmağa çalışır”.
“Məsələn, sanksiyaların tətbiqi və ya “Tomahawk” raketlərinin Ukraynaya verilməsi, satışı kimi məsələlər. Beləliklə, onlar Rusiyaya təzyiqin tərkib hissəsi olan bu qərarların qəbulunu sadəcə olaraq gecikdirirlər”, – deyə Zelenski sözlərini tamamlayıb.
Xatırladaq ki, bundan bir qədər əvvəl Zelenski bəyan etmişdi ki, Kiyev əgər başlanğıc nöqtəsi cəbhə xətti olarsa, Moskva ilə sülh danışıqlarına başlamağa hazırdır. “Lakin Rusiya dialoq istəmir. Kreml sövdələşməyə çalışır, yayınır və sülh mövzusunun “yan keçməyə” çalışır”, – deyə Prezident qeyd etmişdi.