ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Kiyev Amerika silahları ilə Rusiyanın dərinliklərinə zərbələr endirmir, yalnız Avropa raketlərindən istifadə edir. O əlavə edib ki, ABŞ Rusiyanın arxa bölgələrinə qarşı ABŞ silahlarından istifadə etməyə razılıq vermir.
Modern.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb.
"Düşünürəm ki, onlar Avropa raketlərindən və ya başqa yerdən olan raketlərdən istifadə edirlər, amma bizimkilərdən deyil. Onların etdiklərinə isə mən nəzarət etmirəm. Amma raketlərimizə nəzarət edirəm. Onlar bizim raketlərimizi atmırlar".
Donald Tramp həmçinin Ukraynanın ABŞ-da Rusiyaya qarşı zərbələr endirən “bəzi uzaqmənzilli raketlərdən” istifadəsinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı xəbərləri təkzib edib.
Finlandiyanın baş naziri Petteri Orpo isə bəyan edib ki, Tramp Rusiya ərazisinin dərinliklərində hədəfləri vurmaq üçün Ukraynaya Amerikanın uzaqmənzilli “Tomaqavk” raketlərindən istifadə etməyə icazə verməlidir.
“Politico”ya müsahibəsində Orpo Rusiyanın Avropa təhlükəsizliyinə “daimi təhlükə” yaratdığı barədə xəbərdarlıq edib və Trampı Ukraynanı özünümüdafiə üçün lazım olan silahlarla təmin etməyə və Vladimir Putini danışıqlar masasına oturmağa inandırmağa çağırıb.
"Putin yalnız gücə inanır. Əgər müharibəni dayandırmaq istəyiriksə, Rusiyadan güclü olmasaq da, eyni səviyyədə olmalıyıq", - Orpo bildirib.
O, ümid etdiyini bildirib ki, Tramp Ukraynanı lazımi raketlərlə təmin edəcək.