Rusiya Prezidenti Vladimir Putin Budapeştdə keçiriləcək sammitə hazırlıqsız getməyin “böyük səhv olacağını” bildirib. Onun sözlərinə görə, bu görüşün təşəbbüsü ABŞ tərəfindən irəli sürülüb.
Modern.az-ın məlumatına görə, Putin qeyd edib ki, ABŞ-ın Rusiyaya qarşı elan etdiyi yeni sanksiyalar ölkə iqtisadiyyatına ciddi təsir göstərməyəcək:
“Bu, Rusiyaya təzyiq göstərmək cəhdidir. Lakin özünə hörmət edən heç bir dövlət təzyiq altında qərar qəbul etmir”, – deyə prezident vurğulayıb.
O, Rusiyanın qlobal enerji balansındakı rolunun hələ də böyük olduğunu xatırladıb:
“Rusiya və Səudiyyə Ərəbistanı daha çox neft satır, ABŞ isə daha çox istehlak edir. Rus neftinin bazarda tam əvəzlənməsi vaxt tələb edir”.
Putin ABŞ Prezidenti Donald Trampın yeni sanksiyalar qərarını “dostluqdan uzaq addım” adlandırıb və bunun Moskva-Vaşinqton münasibətlərini möhkəmləndirmədiyini deyib. Bununla belə, o, iki ölkə arasında “ciddi dialoqa keçid baş tutarsa, əməkdaşlıq üçün geniş sahələrin” mövcud olduğunu vurğulayıb.
Rusiya lideri, həmçinin Ukraynaya “Tomahawk” raketlərinin verilməsi ehtimalını “təxribat və eskalasiyaya cəhd” kimi qiymətləndirib və xəbərdarlıq edib:
“Əgər bu silahlarla Rusiya hədəflərinə zərbə endirilsə, cavabımız ciddi olacaq.”