Litva Prezidenti Gitanas Nauseda oktyabrın 23-ü axşam saatlarında Rusiya Hərbi Hava Qüvvələrinə məxsus təyyarələrin Litvanın hava məkanını pozduğunu bəyan edib.
Modern.az xəbər verir ki, Litva Müdafiə Nazirliyinin məlumatına görə, Rusiya Hərbi Hava Qüvvələrinin “Su-30” qırıcı təyyarəsi və “İl-78” yanacaqdaşıyan təyyarəsi Kıbartay şəhəri yaxınlığında, Kalininqrad vilayəti ilə sərhəd zonasında – Litva hava sərhədini keçib. Təyyarələr təxminən 700 metr məsafədə Litva üzərində uçduqdan 18 saniyə sonra yenidən Rusiya ərazisinə qayıdıb.
Hadisədən dərhal sonra NATO-nun hava patrul missiyası çərçivəsində İspaniyaya məxsus iki “Eurofighter Typhoon” qırıcısı havaya qalxıb.
Litva Müdafiə Nazirliyi hadisənin havada yanacaq doldurma təlimi zamanı baş verdiyini istisna etmir.
Prezident Nauseda isə Rusiyanın bu addımını “beynəlxalq hüququn və Litvanın ərazi bütövlüyünün kobud şəkildə pozulması” kimi qiymətləndirib:
“Bu hadisə Avropanın hava hücumundan müdafiə sisteminin gücləndirilməsinin vacibliyini bir daha göstərir,” – deyə dövlət başçısı bildirib.
Litva Xarici İşlər Nazirliyi hadisə ilə bağlı Rusiyanın Vilnüsdəki səfirliyinin nümayəndələrini çağıraraq “təhlükəli və məsuliyyətsiz davranışa” etiraz notası təqdim edəcək.