Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) 38-ci qurultayının nəticələrinin ləğvi tələbi ilə bağlı məhkəmə prosesi başa çatıb.
Modern.az-ın məlumatına görə, Ankara Mülki Məhkəməsi iddianı “əsassız” hesab edərək rədd edib.
Məlumata görə, qərar sübutların yetərsizliyi əsas gətirilərək qəbul olunub.
2023-cü ilin noyabrında keçirilən 38-ci qurultayda Özgür Özəl partiyaya 13 il rəhbərlik etmiş Kamal Kılıçdaroğlunu məğlub edərək CHP-nin yeni sədri seçilmişdi. Bundan sonra partiya daxilində hüquqi çəkişmələr başlayıb. Hatay şəhərinin sabiq bələdiyyə başçısı Lütfü Savaş və bir qrup CHP nümayəndəsi səsvermə zamanı saxtakarlıq, nümayəndələrin satın alınması kimi iddialarla müxtəlif məhkəmələrə müraciət etmişdi.
2025-ci ilin fevralında bu iddialar birləşdirilərək Ankaranın 42-ci Mülki Məhkəməsində birgə araşdırılmağa başlanmışdı. Məhkəmə əvvəlki mərhələlərdə də partiya rəhbərliyinin fəaliyyətini dayandırmaqla bağlı vəsatətləri qəbul etməmiş, eyni zamanda, məsələ ilə bağlı gedən cinayət işinin nəticələrini gözləmək üçün iclasları təxirə salmışdı.
Bu müddət ərzində CHP rəhbərliyi legitimliyini gücləndirmək üçün addımlar atıb. 2025-ci ilin sentyabrında partiya 22-ci fövqəladə qurultayını keçirərək Özgür Özəlin liderliyini yenidən təsdiqləyib.