Ermənistan Azərbaycanla sülh bağlayıb və indi iki ölkə münasibətləri tam normallaşdırmaq üçün daha çox səy göstərməyə çalışır.
Modern.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan "Sülh və Təhlükəsizlik üçün Feminist Xarici Siyasət" panel müzakirəsində bildirib.
"Hökumətin rəsmi müqavilələr imzalamaq və konkret həllər hazırlamaq səyləri ilə paralel olaraq, cəmiyyətlər arasında barışığa da böyük ehtiyac var. Biz münaqişələr zamanı qadınların əziyyətlərini başa düşürük və qəbul edirik, onların hisslərinə tam hörmətlə yanaşırıq, eyni zamanda vurğulamalıyıq ki, cəmiyyətlər və ailələr arasında barışıq prosesinə gəldikdə, qadınların aparıcı rolunu qiymətləndirməmək olmaz. Bu fakt göz qabağındadır və əsas əhəmiyyət kəsb edir. Məhz buna görə də bu mövzu ölkəmiz üçün xüsusi əhəmiyyət kəsb edir", - deyə o qeyd edib.
Mirzoyan ümid edir ki, cəmiyyətlərdəki qadınlar münaqişənin yaratdığı əzabları, yaxınlarının itkisini və köçkünlük psixoloji travmasını dəf etmək üçün güc tapacaqlar.
Xarici işlər naziri vurğulayıb ki, onlar gələcək əzabların qarşısını almaq və barışıq prosesini irəli aparmaq kimi vacib məsuliyyəti öz üzərlərinə götürüblər.