Modern.az

Kılıçdaroğlunun CHP sədrliyinə qayıdış xəyalı puç oldu

Kılıçdaroğlunun CHP sədrliyinə qayıdış xəyalı puç oldu

Dünya

24 Oktyabr 2025, 19:26

Türkiyədə Cümhuriyyət Xalq Partiyasının (CHP) 38-ci qurultayının nəticələrinin ləğvi ilə bağlı məhkəmə qərarı partiyanın sabiq sədri Kamal Kılıçdaroğlunun yenidən rəhbərliyə qayıtmaq ehtimalını aradan qaldırıb.

Modern.az xəbər verir ki, Ankara Mülki Məhkəməsi iddianı əsassız hesab edərək rədd edib. Qərar sübutların yetərsizliyi ilə izah olunub.

Xatırladaq ki, 2023-cü ilin noyabrında keçirilən 38-ci qurultayda Özgür Özəl 13 il partiyaya rəhbərlik etmiş Kılıçdaroğlunu məğlub edərək CHP-nin yeni sədri seçilmişdi. Bundan sonra partiya daxilində gərginlik yaranmış, Hatayın sabiq bələdiyyə başçısı Lütfü Savaş və bir qrup nümayəndə qurultayda “saxtakarlıq və nümayəndələrin satın alınması” iddiaları ilə məhkəməyə müraciət etmişdi.

Əgər Ankara məhkəməsi həmin iddianı qəbul etsəydi, 38-ci qurultayın nəticələri ləğv oluna bilərdi. Bu isə Kılıçdaroğlunun siyasi səhnəyə geri dönüşü üçün hüquqi imkan yaradardı. Lakin məhkəmənin son qərarı ilə bu ehtimal tamamilə aradan qalxıb.

Bununla, CHP-də Özgür Özəlin liderliyi hüquqi cəhətdən təsdiqlənib.  Siyasi müşahidəçilər hesab edirlər ki, məhkəmənin bu qərarı CHP daxilindəki “Kılıçdaroğlu dönə bilərmi?” sualına son qoydu.

Whatsapp
Bizə yazın!
Keçid et
Qabil Hüseynlidən ŞOK FAKTLAR - Mehdiyev kimlərin torbasını tikib?