ABŞ ordusu son iki ayda Karib dənizində onlarla hərbi gəmi və təyyarədən ibarət qüvvə cəmləyib.
Modern.az xəbər verir ki, bu addım bölgədə son onilliklərin ən böyük hərbi eskalasiyası hesab edilir.
Məlumata görə, B-52 bombardmançı təyyarələri Venesuela sahillərində təlimlər keçirir, həmçinin F-35 döyüş təyyarələri, P-8 Poseidon kəşfiyyat təyyarələri və MH-6M helikopterləri bölgədə müşahidə olunub. ABŞ-ın xüsusi təyinatlı qüvvələrə dəstək məqsədilə istifadə etdiyi gəminin Trinidad və Tobaqo sahillərində göründüyü bildirilir.
Prezident Donald Tramp ötən həftə Mərkəzi Kəşfiyyat İdarəsinə (CIA) Venesuelada “gizli əməliyyatlar aparmaq səlahiyyəti” verdiyini etiraf edib. Tramp bu fəaliyyətləri “narkotik qaçaqmalçılığına qarşı mübarizə” kimi təqdim etsə də, ekspertlər bunun rejim dəyişikliyinə yönəldiyini bildirirlər.
Ekspertlər hesab edir ki, ABŞ-ın məqsədi Venesuela Prezidenti Nikolas Maduronun ordusuna və ətrafına təzyiq göstərmək, onları prezidentə qarşı çıxmağa sövq etməkdir.
ABŞ administrasiyası daha əvvəl Maduronun tutulması üçün 50 milyon dollar mükafat vəd etmiş, lakin bu təşəbbüs nəticə verməmişdi.
Hazırda Vaşinqton rəsmi olaraq Venesuela liderini narko-terror və korrupsiya ittihamları ilə suçlayır, Karibdəki hərbi hazırlıqları isə “önləyici tədbir” kimi əsaslandırır.
Lakin müşahidəçilər bu prosesin faktiki olaraq rejim dəyişikliyi əməliyyatına çevrilə biləcəyini istisna etmirlər.