Ermənistan Rusiyaya ölkənin təhlükəsizliyi ilə bağlı göstəriş verməyə imkan verməyəcək.
Modern.az xəbər verir ki, bu barədə parlamentin Xarici əlaqələr daimi komissiyasının sədri, hakim “Vətəndaş müqaviləsi” partiyasının deputatı Sarkis Xandanyan İrəvanda keçirilən “Şərq Tərəfdaşlığı Parlament Assambleyası - Avronest”in plenar iclasında çıxışı zamanı bildirib.
Deputat vurğulayıb ki, Ermənistanın təhlükəsizliyini təmin etmək üçün “xarici xilasedicilərə” ehtiyac yoxdur: “Biz Rusiyaya icazə verməyəcəyik ki, bizə Ermənistanı necə xilas etməyi öyrətsin. Bizim kifayət qədər xilaskarımız var. Ermənistan xalqı ölkə xaricindən gələn xilaskarlara ehtiyac duymur.”
Xandanyan qeyd edib ki, hazırda Ermənistanda Moldovada müşahidə edilən “hibrid hücumların” oxşar əlamətləri görünür.
Onun sözlərinə görə, regionda vəziyyət dəyişib, Ermənistan və Azərbaycan arasında sülh yaranıb və indi əsas məqsəd bu sabitliyi möhkəmləndirməkdir.
Deputat həmçinin bildirib ki, nəqliyyat-kommunikasiya xətlərinin açılması və TRIPP – “Beynəlxalq Sülh və Rifah Uğrunda Tramp Marşrutu” layihəsinin həyata keçirilməsi təkcə Ermənistanı deyil, Mərkəzi Asiyanı da Avropa İttifaqına daha da yaxınlaşdıra bilər.