Rusiya Milli Qvardiyasının (Rosqvardiya) arxa cəbhə xidmətinin sabiq rəis müavini, əslən azərbaycanlı general Mirzə Mirzəyev 9 il müddətinə azadlıqdan məhrum edilib.
Modern.az xəbər verir ki, Rostov qarnizonu hərbi məhkəməsi onu xüsusilə böyük məbləğdə rüşvət alma və hədə-qorxu yolu ilə pul tələb etmə ittihamları üzrə təqsirli bilib.
Hökmə əsasən, Mirzə Mirzəyev cəzasını ciddi rejimli koloniyada çəkəcək.
53 yaşlı Mirzə Mirzəyev 2024-cü ilin noyabrında həbs olunub. İstintaqın məlumatına görə, o, 2023-cü ildə anbar tikintisi üçün modul istehsal edən şirkətin rəhbərliyindən 140 milyon rubl məbləğində “otkat” alıb. Əvəzində general şirkətə verilən 479,9 milyon rubl dəyərində müqavilənin məbləğini artırmağı təklif edib. Cinayət işinin əsas sübutu isə “Pegas-Eko” MMC-nin baş direktoru Erkin Zahidovun ifadələri olub.
Mirzə Mirzəyev (tam adı — Mirzə Mirzəyev Mais oğlu) 1972-ci il mayın 26-da anadan olub. O, 2006-cı ildə Sankt-Peterburqda yerləşən Təchizat və Nəqliyyat Hərbi Akademiyasını bitirib. Bu ali məktəb 2012-ci ildə general A. Xrulyovun adını daşıyan Maddi-Texniki Təminat Hərbi Akademiyası adlandırılıb.