Rusiya Prezidenti Vladimir Putin 29 oktyabrda bəyan edib ki, Ukrayna Silahlı Qüvvələrinin bölmələri Pokrovska (Donetsk vilayəti) və Kupyansk (Xarkov vilayəti) istiqamətlərində mühasirəyə alınıb. O bildirib ki, Rusiya bu istiqamətlərdə atəşkəs elan etməyə və media nümayəndələrinin səfərinə şərait yaratmağa hazırdır.
Modern.az-ın məlumatına görə, Putinin açıqlamasından sonra Rusiya KİV-ləri və hərbi teleqram kanalları Pokrovsk və ətraf ərazilərin nəzarətə götürüldüyünü, bəzi məhəllələrdə Rusiya bayrağının ucaldıldığını iddia ediblər.
"DeepState" monitorinq layihəsi də şəhərin “böyük hissəsinin boz zona” statusunda olduğunu, Rusiyanın xeyli irəliləyiş əldə etdiyini və şəhərin logistikasının pozulduğunu bildirib. Onların məlumatına görə, rus qoşunları şəhərin şimal hissəsinə qədər irəliləyib, bəzi binalarda isə 200–300 nəfərlik diversiya qrupları yerləşdirilib.
BBC-nin təhlilinə görə, Rusiya qoşunları Avdeyevkanın ələ keçirilməsindən sonra əsas hücum istiqamətini Pokrovska yönəldib. Yarım il ərzində onlar şəhərin 40 kilometrliyinə qədər irəliləyiblər. Hal-hazırda Pokrovsk-Mirnohrad aqlomerasiya zonasının şimal və cənub hissələrində döyüşlər gedir. Əgər Rusiya qüvvələri bu istiqamətlərdə birləşərsə, Ukrayna müdafiə xətti parçalanacaq və bir neçə batalyon “çuxurda” qala bilər.
Bu məlumatlara cavab olaraq, Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski 30 oktyabrda Pokrovsk istiqamətinə səfər edib və Rusiyanın iddialarını təkzib edib. O bildirib ki, nə Pokrovskda, nə də Kupyanskda Ukrayna hərbçiləri mühasirəyə alınmayıb.
“Vəziyyət mürəkkəbdir, lakin idarə olunur. Rusiya piyada bölmələri döyüşlərdən yayınaraq şəhər daxilində gizlənməyə və mövqe dəyişməyə çalışır. Biz kəşfiyyat və zərbə dronlarının fəaliyyətini gücləndiririk, düşmənin gizli qruplarını zərərsizləşdiririk”, - deyə Sırski qeyd edib.
O, bütün səviyyələrdə komandirlərə məsuliyyətli davranmağı tapşırdığını, əks halda vəzifədən azad ediləcəklərini bildirib. Eyni zamanda, təchizat və evakuasiya yollarının qorunması üçün əlavə göstərişlər verilib.
Sırski vurğulayıb ki, Ukrayna ordusunun əsas məqsədi şəxsi heyətin həyatını qorumaqdır.
Hazırda "DeepState" xəritəsində Pokrovsk və Mirnohradın şərq hissəsi “boz zona” kimi göstərilir. Bu isə tərəflər arasında şəhər nəzarətinin hələ müəyyən edilmədiyini göstərir.