 
                                ABŞ administrasiyası İsrailin narazılığına baxmayaraq, Türkiyənin Qəzzada yaradılması planlaşdırılan sülhməramlı qüvvələrin tərkibinə daxil olmasını istəyir.
Modern.az xəbər verir ki, bu barədə “Axios” nəşrinin jurnalisti Barak Ravid ABŞ hökumətindəki mənbələrə istinadla məlumat verib.
Amerikalı rəsmilərin sözlərinə görə, Türkiyə Qəzza üzrə razılaşmanın əldə edilməsində mühüm rol oynayıb və İsrailin baş naziri Benyamin Netanyahunun Ankaraya yönəlmiş kəskin tənqidləri “son dərəcə mənfi nəticə” verib.
Hazırda Vaşinqton Qəzzada həyata keçirilməsi planlaşdırılan beynəlxalq missiya ilə bağlı danışıqları İsraillə, eləcə də bir neçə ərəb və müsəlman ölkəsi ilə aparır.
Layihəyə əsasən, ABŞ, Misir və İordaniyanın nəzarəti altında hazırlıq keçmiş və etibarlılığı yoxlanılmış yenilənmiş Fələstin təhlükəsizlik qüvvələrinin formalaşdırılması planlaşdırılır. Bununla yanaşı, sülhməramlı missiyaya digər ölkələrin hərbi kontingentlərinin də qoşulması nəzərdə tutulur.
Ekspertlərə görə, Vaşinqtonun məqsədi Qəzzada sabitliyi qorumaq və bölgənin idarə olunmasını beynəlxalq nəzarət altına almaqdır. Türkiyənin bu prosesdə iştirakı həm diplomatik, həm də regional balans baxımından ABŞ üçün əhəmiyyətli sayılır.