Modern.az

Tramp-Putin görüşü Lavrova görə ləğv olunubmuş

Tramp-Putin görüşü Lavrova görə ləğv olunubmuş

Dünya

31 Oktyabr 2025, 16:07

ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında Budapeştdə planlaşdırılan sammitin ləğv edilməsinə səbəb Rusiya xarici işlər naziri Sergey Lavrov ilə ABŞ dövlət katibi Marko Rubio arasında baş tutan telefon danışığı olub.

Modern.az xəbər verir ki, bu barədə "Financial Times" nəşri yazıb.

Mənbənin verdiyi məlumata görə, Rubio Trampa bildirib ki, Moskva danışıqlara hazır görünmür və bunun ardınca Ağ Ev sammiti təxirə salmaq qərarına gəlib.

Nəşrin məlumatına əsasən, Tramp Lavrovun sərt ritorikasından heyrətlənməyib. Budapeşt sammitinin ləğvi ABŞ siyasətində dönüş nöqtəsi olub, belə ki, cəmi bir həftə əvvəl Tramp sanki Putinin xeyrinə addımlar atır, Ukraynaya uzaqmənzilli “Tomahawk” raketlərinin verilməsindən imtina edirdi.

Lakin sonrakı hadisələr Ağ Evdə şübhələri artırdı. ABŞ rəsmiləri hesab etməyə başladılar ki, Moskva mövqeyini dəyişmədiyi müddətcə dialoqun davamı mənasızdır.

FT-nin mənbələri bildirirlər ki, Lavrov sentyabrda Nyu-Yorkda baş tutan qısa görüşdə Rubionu “uzlaşmaz bəyanatlarla” təəccübləndirib, Ukraynanın “nasistlərin nəzarətində olduğunu” iddia edib.

“Lavrov açıq-açıq yorğun görünürdü və sanki ABŞ-la təmas qurmaqdan imtina edirdi, istər Putinin istəyi olsun, istər olmasın”, - mənbə qeyd edib.

Buna baxmayaraq, Trampın yaxın çevrəsi bildirir ki, ABŞ prezidenti “real irəliləyiş mümkün olacağı təqdirdə” ruslarla görüşməyə hələ də açıqdır.

Tramp oktyabrın 16-da Putinlə telefon danışığını “çox məhsuldar” adlandırsa da, "Financial Times" yazır ki, əslində bu söhbət ABŞ prezidentini qəzəbləndirib.

İki mənbənin sözlərinə görə, Putin söhbət zamanı Kupyansk və Oskil bölgələrində Rusiya ordusunun “uğurlarını” şişirdib, bu isə Trampda narazılıq yaradıb.

Nəticədə Tramp “Tomahawk” raketlərinin Ukraynaya verilməsi ideyasından tamamilə imtina etdiyini bildirib və bu silahı “çox təhlükəli və eskalasiyaya səbəb ola biləcək vasitə” adlandırıb.

Ukrayna prezidenti Zelenski isə Kiyevdə jurnalistlərə açıqlamasında bildirib ki, “Putin Trampa "Tomahawk" ritorikasına görə zəng edib.”

Budapeşt sammitinin ləğvindən dərhal sonra Tramp administrasiyası Moskva üzərinə təzyiqi artırıb. ABŞ iki böyük Rusiya neft şirkətinə qarşı sanksiyalar tətbiq edib və prezident Tramp Putini nüvə silahı sınaqlarına görə açıq şəkildə tənqid edib, onu “sülh əvəzinə qorxu yaratmaq siyasəti yürütməkdə” ittiham edib.

"Financial Times" qeyd edir ki, sammitin ləğvi Moskvanın daxilindəki fikir ayrılıqlarını da dərinləşdirib. Lavrovun sərt və pessimist mövqeyi Kremlin bəzi dairələri tərəfindən əməkdaşlıq səylərini pozan faktor kimi qiymətləndirilir. Bu isə Rusiya rəhbərliyində xarici siyasətin gələcək istiqaməti və Lavrovun taleyi barədə yeni mübahisələrə yol açıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
QIZĞIN DEBAT! Mehdiyev işi hansı gizli sirləri açır?