Modern.az

Ermənistan Fransadan 274,5 milyon avroluq silah alıb

Ermənistan Fransadan 274,5 milyon avroluq silah alıb

Dünya

3 Noyabr 2025, 13:36

2023–2024-cü illərdə Ermənistan Fransadan ümumi dəyəri 274,5 milyon avrodan çox olan silah müqavilələri imzalayıb.

Modern.az xəbər verir ki, bu barədə Fransanın Silahlı Qüvvələr Nazirliyinin parlamentə təqdim etdiyi hesabatda bildirilir.

Sənəddə qeyd olunur ki, Ermənistan müdafiə sahəsində əməkdaşlığı şaxələndirmək məqsədilə Fransaya müraciət edib və bu çərçivədə hərbi imkanlarını gücləndirmək üçün yeni müqavilələr bağlayıb.

“Yeni avadanlıqların ixracı, hərbi təlimlərin keçirilməsi və birgə əməliyyatlar tamamilə müdafiə xarakteri daşıyır. 2023-cü ildə İrəvanda Fransız müdafiə missiyasının yaradılması isə tərəflər arasında daha sıx əlaqələr qurmağa və əməkdaşlığın ən optimal formalarını müəyyənləşdirməyə imkan verir”, - deyə hesabatda bildirilir.

Fransa 2022-ci ilə qədər Ermənistana silah tədarük etməyib, lakin 2023–2024-cü illərdə quru qoşunlarının silahlanması üçün çoxsaylı müqavilələr imzalanıb. Bununla yanaşı, Ermənistanın müdafiə sənayesi üzrə bir neçə birgə layihə də müzakirə edilir.

Fransa ilə Ermənistanın hərbi tərəfdaşlığına dağlıq ərazilərdə döyüş hazırlığı üzrə təlim proqramı da daxildir.

Hesabatda o da qeyd olunur ki, Fransa Ermənistan ordusuna “Sezar” özüyeriyən haubitsaları, 15 ədəd tankəleyhinə raket və onlara aid buraxılış qurğuları verib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Prezidentin çıxışı Ermənistanı silkələdi: Sevan yoxdur, Göyçə var!