Modern.az

Ermənilər Bakıya gəlir

Ermənilər Bakıya gəlir

Dünya

3 Noyabr 2025, 18:11

Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri Azərbaycana səfər edəcək.

Modern.az-ın məlumatına görə, səfər yaxın vaxtlarda baş tutacaq.

Səfərin tarixi və nümayəndə heyətinin tərkibi hələlik məlum deyil. Bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Brüsseldə keçirilən “Sülh kəsişməsi” konfransında danışıb .

Onun sözlərinə görə, bu, iki ölkə arasında etimadın və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə xidmət edəcək.

Qriqoryan xatırladıb ki, oktyabrın 21–22-də ilk dəfə Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrindən ibarət nümayəndə heyəti İrəvana səfər edib. O vurğulayıb ki, belə səfərlər Ermənistan və Azərbaycan arasında sülhün möhkəmlənməsinə real töhfə verəcək.

Qeyd edək ki, 21–22 oktyabr 2025-ci il tarixlərində Ermənistan və Azərbaycan ekspert icmaları nümayəndələrinin birgə təşəbbüsü, hər iki ölkənin rəsmi strukturlarının dəstəyi ilə İrəvanda ikitərəfli “dəyirmi masa” keçirilib.

Azərbaycanı Fərhad Məmmədov (Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin rəhbəri), Rusif Hüseynov (Topçubaşov Mərkəzinin həmtəsisçisi və direktoru), Ramil İskəndərli (Milli QHT Forumu İdarə Heyətinin sədri), Kəmalə Məmmədova və Dilarə Əfəndiyeva (Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin Qadınlar Sülh və Əmin-Amanlıq Mərkəzinin rəhbəri) təmsil ediblər.

Tədbir Vaşinqtonda 8 avqust 2025-ci ildə qəbul edilən Birgə Bəyanatın ruhuna uyğun olaraq sülh gündəminin irəlilədilməsinə yönəlib və bu formatda Ermənistan və Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin ilk görüşü olub.

Erməni tərəfdən müzakirələrdə Areq Koçinyan, Boris Navasardyan, Naira Sultanian, Narek Minasyan və Samvel Meliksetyan iştirak ediblər.

Müzakirələr zamanı iki xalqı maraqlandıran geniş mövzular - sülh prosesinin perspektivləri, humanitar məsələlər, münasibətlərin normallaşması şəraitində iqtisadi və logistik imkanlar, eləcə də etimadın möhkəmləndirilməsi üzrə addımlar müzakirə olunub.

Tərəflər, həmçinin, gələcəkdə birgə fəaliyyət planlarının hazırlanması və regional əməkdaşlığın dərinləşdirilməsi istiqamətində razılığa gəliblər.

Elnur Əmirov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Prezidentin çıxışı Ermənistanı silkələdi: Sevan yoxdur, Göyçə var!