Modern.az

Azərbaycan Ermənistan taxılına YOL AÇDI - FOTO

Azərbaycan Ermənistan taxılına YOL AÇDI - FOTO

Dünya

6 Noyabr 2025, 08:56

Rusiya buğdasının ilk partiyası dəmir yolu vasitəsilə Azərbaycanın ərazisindən keçərək Ermənistana çatdırılıb.

Modern.az xəbər verir ki, bu barədə Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan məlumat verib.

Nazirin sözlərinə görə, adətən Rusiya buğdası Ermənistana Gürcüstanla sərhəddə yerləşən “Yuxarı Lars” keçid məntəqəsi vasitəsilə gətirilirdi, lakin həmin marşrutda növbələr və nəqliyyat problemləri yaşanırdı.

“Bu dəfə yük Rusiya ərazisindən Azərbaycana, oradan isə Gürcüstana daxil olub və Gürcüstandan Ermənistana çatdırılıb”, - deyə Papoyan bildirib.

Nazir əlavə edib ki, yaxın günlərdə Azərbaycandan keçməklə Ermənistana Qazaxıstan buğdasının da partiyası gətiriləcək. Ermənistan KİV-lərinin məlumatına görə, ümumi həcmi 1000 ton olan buğda partiyaları (Rusiya və Qazaxıstan mənşəli) erməni iş adamı Samvel Aleksanyanın şirkətinə məxsusdur.

Rusiya Kənd Təsərrüfatı Nazirliyindən bildirilib ki, bu marşrutun inkişafı Cənubi Qafqaz ölkələrinə buğda ixracının artırılması üçün yeni imkanlar yaradır. Nazirliyin məlumatına əsasən, Ermənistan ildə təxminən 450–500 min ton taxıl idxal edir və onun demək olar ki, 100%-i Rusiyadan gəlir. Yeni dəmir yolu marşrutu nəqliyyat xərclərini azaltmaq və tədarükün sabitliyini təmin etmək imkanı yaradır.

Rusiya Baş nazirinin müavini Aleksey Overçuk hadisəni “Cənubi Qafqazda sülhün bərqərar olunmasına real və hiss olunan töhfə” adlandırıb:

“Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayevə, Ermənistan Respublikasının Baş nazirinin müavini Mqer Qriqoryana və Gürcüstan hökumətinə bu marşrutun təşkili üzrə konstruktiv əməkdaşlığa görə təşəkkürümü bildirirəm”.

Rusiya Nəqliyyat Nazirliyinin məlumatına görə, 2026-cı ilin yanvar ayının sonunadək Azərbaycandan keçməklə Ermənistana daha 132 vaqon buğda göndəriləcək.

1475561

1475562

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan ŞOK HÜCUM - Rusiya raketlərlə vuruldu