Modern.az

Rusiya Bəşər Əsədi təhvil vermək istəmir

Rusiya Bəşər Əsədi təhvil vermək istəmir

Dünya

11 Noyabr 2025, 13:45

Suriyanın keçid dövrü prezidenti Əhməd əş-Şəraa Rusiya rəhbərliyinin devrilmiş prezident Bəşər Əsədin Dəməşqə təhvil verilməsi məsələsində fərqli mövqe tutduğunu bildirib.

Modern.az xəbər verir ki, o, bu barədə ABŞ prezidenti Donald Tramp ilə Ağ Evdə görüşdən sonra “Fox News” telekanalına verdiyi müsahibəsində danışıb.

Əhməd əş-Şəraa bildirib ki, Rusiya “bir və ya digər şəkildə” Suriyada baş vermiş müharibədə iştirak edib:

“Rusiya istər-istəməz Suriyaya qarşı aparılan müharibədə iştirak edib. Bizim ölkəmizlə Rusiya arasında imzalanmış razılaşmalardan biri axtarışda olan şəxslərin, o cümlədən Bəşər Əsədin Suriyaya təhvil verilməsini nəzərdə tutur. Lakin rusların bu məsələdə başqa fikri var”.

Əş-Şəraa əlavə edib ki, Suriyada yaradılan Ədalət Komissiyası sabiq prezident də daxil olmaqla bütün keçmiş rejim nümayəndələrinin məsuliyyətə cəlb edilməsini təmin etməyi hədəfləyir:

“Ədalət bərqərar olmalıdır. Biz bu məqsədlə Ədalət Komissiyasını yaratmışıq və bütün keçmiş rejim üzvləri, o cümlədən Bəşər Əsəd törətdikləri əməllərə görə cavab verməlidirlər.”

Xatırladaq ki, Əhməd əş-Şəraa oktyabr ayında Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüş keçirmişdi. “The Guardian” qəzetinin yazdığına görə, Putin görüş zamanı Suriyadakı iki əsas hərbi obyektə - Tartusdakı dəniz bazası və Hmeymim aviabazasına xüsusi diqqət yetirib.

Suriyanın yeni rəhbəri isə Putinə əminlik verib ki, Dəməşqdəki yeni hakimiyyət Rusiya ilə əvvəlki hökumət arasında imzalanmış bütün razılaşmalara sadiq qalacaq.

“The Guardian”ın məlumatına əsasən, Əhməd əş-Şəraa üçün əsas məqsəd devrilmiş keçmiş prezident Bəşər Əsədin və onun rejiminin Moskvaya qaçmış nümayəndələrinin Suriyada məhkəmə qarşısına çıxarılmasıdır.

2011-ci ildə vətəndaş müharibəsinin başladığı Suriyada Bəşər Əsəd rejimi 2024-cü ildə devrilmişdi. Əhməd əş-Şəraa keçid dövrü prezidenti kimi beynəlxalq legitimlik qazanmağa və keçmiş rejim üzərində ədalətin bərpasına çalışdığını bildirir.

Sizə yeni x var
Keçid et
Türkiyə bu xəbərlə SİLKƏLƏNDİ - Dəhşətli zəlzələ xəbərdarlığı