Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Danimarkanın xarici işlər naziri Lars Lökke Rasmussen Kopenhagendə iki ölkənin xarici siyasət idarələri arasında Anlaşma Memorandumu imzalayıblar.
Modern.az xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat xidməti məlumat yayıb.
Sənəddə Ermənistan ilə Danimarka və ümumilikdə Avropa İttifaqı arasında tərəfdaşlığın daha da dərinləşdirilməsinin vacibliyi vurğulanır. Tərəflər Ermənistanın Avropa standartlarına yaxınlaşdırılması, suverenliyinin və dayanıqlığının möhkəmləndirilməsi, eləcə də demokratik institutların inkişafı istiqamətində əməkdaşlığı davam etdirmək niyyətindədirlər.
Memorandum çərçivəsində iki ölkə arasında müntəzəm siyasi məsləhətləşmələrin aparılması, həmçinin yaşıl transformasiya, bərpa olunan enerji, insan haqları, mədəniyyət və digər qarşılıqlı maraq doğuran sahələrdə dialoqun və əməkdaşlığın gücləndirilməsi planlaşdırılır.
“Biz yeni əməkdaşlıq sazişi imzaladıq. Bu, ölkələrimiz arasında daha sıx tərəfdaşlıq yolunda mühüm addımdır,” – deyə Lars Lökke Rasmussen sosial şəbəkədə bildirib.