Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Ukrayna prezidenti Volodimir Zelenskiyə müraciət ünyavlayaraq, onu mülki hərbi əsirlər siyahısına daxil etməyi xahiş edib.
Modern.az xəbər verir ki, Saakaşvili müraciətini Facebook səhifəsində dərc edib.
"Suallarımla sizi narahat etməməyə çalışıram, çünki onsuz da görüləsi çox işiniz var. Dəstəyinizə və Ukrayna Xarici İşlər Nazirliyindən, Ali Radadan, administrasiyanızdan və İnsan Hüquqları üzrə Komissardan hiss etdiyim daimi diqqətə görə minnətdaram. Amma indi əlaqə saxlamağa məcburam, çünki dünən ağır zəhərlənmə ilə müalicə olunduğum həbsxana xəstəxanasından yenidən həbsxanaya - məni zəhərləyən eyni zabitlərin yanına köçürüldüm. 2022-ci ilin mart ayında zəhərlənməm tammiqyaslı müharibənin başlamasından sonra baş verdi. Zəhərlənməm Amerika və Almaniya laboratoriyaları tərəfindən təsdiqləndi.
Putin lap əvvəldən məni qisas almaq üçün təqib edib, Medvedev və Lavrov isə dəfələrlə həbsimlə öyünüblər.
Mən əvvəlcə tamamilə uydurma ittihamla saxlanıldım, Gürcüstanın o vaxtkı baş naziri bu işin Ukraynadakı fəaliyyətimlə əlaqəli olduğunu açıq şəkildə bildirdi. Bu yaxınlarda mənə qarşı açılan yeni cinayət işində başqaları ilə birlikdə, düşmən xarici dövlətin xeyrinə təxribatda ittiham olunuram. İş materiallarında sizin ifadələriniz, eləcə də Mixail Podolyakın ifadələri var. Başqa sözlə, qanunsuz Gürcüstanın qeyri-legitim hökuməti Ukraynanı açıq şəkildə düşmən xarici dövlət elan edir. Və bu, təəccüblü deyil: bu böyük müharibənin başlanğıcından bəri rusiyalı oliqarxı İvanişvili və onun yaxınları açıq şəkildə Rusiyanın tərəfini tutublar.
Bu kontekstdə mənim təqibimin və taleyimin müharibə ilə əlaqəli olduğu tamamilə aydındır. Mən Ukrayna vətəndaşı kimi Milli İslahatlar Şurasının İcraiyyə Komitəsinin sədriyəm və orada sizin rəhbərliyiniz altında xidmət etmək şərəfinə nail oldum. Sizdən xahiş etmək istərdim ki, 2019-cu ildə qanunsuz olaraq ləğv edilmiş vətəndaşlığımı bərpa etdiyiniz kimi - Odessa Regional Dövlət Administrasiyasının keçmiş rəhbəri və Gürcüstandakı Rusiyapərəst rejim tərəfindən qanunsuz olaraq saxlanılan Milli İslahat Şurasının İcraiyyə Komitəsinin sədri kimi - məni müvafiq hüquqi nəticələrlə mülki hərbi əsirlər siyahısına daxil edin.
Bilirəm ki, ukraynalılar öz öz adamlarını tək buraxmırlar və sizə güvənirəm", - Mixeil Saakaşvili yazıb.