"Növbəti oyundan əvvəlki gecə raket zərbələri endirildi. Sığınacağa getdik. Qəribə səslənə bilər, amma qorxmurduq, sadəcə yaxınlarımız üçün narahat idik".
Modern.az xəbər verir ki, bunu "Şaxtyor Donetsk"in baş məşqçisi Arda Turan "Sky Sport" telekanalına Ukraynada futbol həyatının çətinlikləri barədə danışarkən deyib.
Həmin gecə heç yata bilmədiklərini bildirən türkiyəli məşqçi hansı şəraitdə oynayacaqlarını heç vaxt bilmədiklərini vurğulayıb:
"Normal klubda səfərdən bir neçə saat sonra evə qayıda bilərsiniz. Amma burada belə deyil. Bəzən bir gündən çox vaxt aparır və yalnız 48 saatdan sonra yenidən işə başlaya bilərsiniz. Bu, asan deyil, çünki "Şaxtyor" oyunlarını Avropada keçirir və demək olar ki, hər matçı səfərdə oynayır. Uğur qazanmaq üçün rahatlıq zonanızdan kənara çıxmalısınız".