Modern.az

Rusiyanın ən böyük neft zavodu bağlandı  

Rusiyanın ən böyük neft zavodu bağlandı  

Dünya

18 Noyabr 2025, 23:49

Rusiyanın Ryazan Neftayırma Zavodu Ukraynanın dron hücumu səbəbilə xam neft emalını tam dayandırıb.

Modern.az xəbər verir ki, bu barədə məlumatı "Reuters" sənaye mənbələrinə istinadla yayıb.

Mənbələr bildirir ki, zavod 15 noyabr gecəsi hücuma məruz qalıb və fəaliyyətini ayın sonunadək dayandıracağı gözlənilir.

“1 dekabradək neft məhsullarının göndərişi planlaşdırılmır”, – deyə agentliyin həmsöhbətlərindən biri bildirib.

Hücum nəticəsində illik 8 milyon ton gücə malik əsas emal qurğusu sıradan çıxıb. Bu, zavodun ümumi gücünün 48%-i deməkdir.

Bundan əvvəl 24 oktyabr tarixində dron zərbəsi zavodun gücünün dörddəbirini təmin edən digər böyük qurğunu da yararsız hala salmışdı. Onun təmiri hələ başa çatmayıb.

Hücumlardan sonra zavod bir neçə başqa qurğunu da dayandırıb, lakin bu dayanmanın birbaşa dron zərbəsi ilə bağlı olub-olmadığı dəqiq deyil.

Sankt-Peterburq Beynəlxalq Əmtəə Birjasının məlumatına görə, Ryazan zavodu 15 noyabrda birja üzərindən neft məhsullarının satışını da dayandırıb.

Ryazan zavodu ölkənin neft emal sistemində ən böyük paya malik müəssisələrdən sayılır: 2024-cü ildə zavod 13,1 milyon ton xam neft emal edib. Bu göstərici Rusiyanın ümumi neftayırma gücünün 4,9%-nə bərabərdir.

Agentlik qeyd edir ki, Ukrayna son aylarda Rusiyanın neft zavodlarını, bazalarını və boru kəmərlərini hədəfə alan hücumlarını artırıb.

2025-ci ildə Ukrayna Silahlı Qüvvələrinin dronları ən azı 17 böyük neft zavoduna hücum edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK HÜCUM! Rusiya Türkiyəni də vurdu