ABŞ-ın vitse-prezidenti Cey Di Vens Ukrayna və Rusiya arasında davam edən müharibənin əvəzinə tərəflərin ticarət və mədəni əlaqələr qurmasının daha məqsədəuyğun olduğunu bildirib.
Modern.az xəbər verir ki, o, bu barədə “Breitbart” nəşrinin təşkil etdiyi konfransda çıxış edərkən deyib.
Vensin sözlərinə görə, münaqişənin dərinləşməsi region üçün faciəvi nəticələr yaradır və tərəflər alternativ yol kimi iqtisadi əməkdaşlıq və səyahət imkanlarını nəzərdən keçirməlidir:
“Niyə bir-birinizi öldürməyi dayandırıb ticarətə başlamırsınız? Niyə ruslar və ukraynalılar savaşmaq əvəzinə bir-birlərinə səyahət etmir, mədəni mübadilə proqramlarında iştirak etmirlər?” – vitse-prezident bildirib.
Cey Di Vens çıxışında, həmçinin ABŞ-ın hazırda “səkkiz sülh sazişi üzərində işlədiyini”, daha iki təşəbbüsün də gündəmdə olduğunu deyib. Onun sözlərinə görə, əgər Donald Tramp “onuncu sülh razılaşmasına nail olsa”, bu, ona Nobel sülh mükafatının verilməsi üçün əsas ola bilər:
“Riyazi harmoniya üçün deyirəm: əgər o, onuncu sülh razılaşmasına nail olsa, Trampa Nobel verilməlidir”, – deyə o vurğulayıb.