İranın şimalındakı Hirkan meşələrində bir neçə gündür davam edən genişmiqyaslı yanğın nəzarətdən çıxıb. Mazandaran vilayətinin dağlıq Elit bölgəsində daha da güclənən yanğın səbəbindən rəsmi Tehran beynəlxalq ictimaiyyətə təcili yardım müraciəti edib.
Modern.az xəbər verir ki, "Anadolu" agentliyinin məlumatına görə, yanğının söndürülməsinə yanğınsöndürənlər, ekologiya qurumunun əməkdaşları, “Bəsic” könüllüləri və dağ xilasediciləri cəlb edilib. Lakin ərazinin çətin relyefi, güclü külək və sıx ot örtüyü alovun sürətlə yayılmasına səbəb olur. Dağlıq bölgədə helikopterlərin məhdud istifadəsi də işləri çətinləşdirir.
İranın vitse-prezidenti Mühəmməd Cəfər Qaimpenah bildirib ki, ölkə alovu nəzarət altına ala bilmir və buna görə yaxın dost ölkələrdən sürətli yardım istəyib:
“Elit bölgəsinin dağlıq relyefi yanğını öz imkanlarımızla söndürməyə imkan vermir. Digər ölkələrdən təcili dəstəyə ehtiyacımız var”..
Onun sözlərinə görə, yardım müraciəti həm mövcud yanğının lokallaşdırılması, həm də onun ətraf meşə massivlərinə yayılmasının qarşısının alınması üçün göndərilib.