Ermənistanda 2025-ci ilin qış çağırışından başlayaraq məcburi hərbi xidmət müddəti 24 aydan 18 aya endiriləcək.
Modern.az xəbər verir ki, bu barədə noyabrın 24-də ölkənin müdafiə naziri Suren Papikyan Müdafiə və Təhlükəsizlik üzrə Daimi Parlament Komissiyasının iclasında "Hərbi xidmət və hərbi qulluqçunun statusu haqqında" qanuna dəyişikliklər edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı bildirib.
Qanuna edilən dəyişiklik, xüsusən də müqaviləlilərin sayının artması səbəbindən məcburi hərbi xidmətin azaldılmasını nəzərdə tutur.
"Son illərdə müqavilə xidmətinin genişləndirilməsi üçün fəal addımlar atılıb. Xüsusilə "Vətənin müdafiəsi" proqramını, peşəkar çavuş tərkibi sisteminin tətbiqini, hərbçilərin attestasiya sistemini, eləcə də sərhəd hərbi hissələrində erkən hərbi pensiyaların saxlanılması ilə müqavilə əsasında hərbi xidmətin təşkili prosesini qeyd etmək olar", - deyə Papikyan bildirib. O, əldə edilən nəticələri çox müsbət qiymətləndirib. Müdafiə Nazirliyi rəhbərinin sözlərinə görə, onlar müqavilə əsasında hərbi xidmətin cəlbediciliyinin artırılmasına və genişləndirilməsinə töhfə verir.
Bu baxımdan, hökumət sıravi əsgərlər üçün 24 aylıq məcburi xidmət müddətini 2025-ci ilin qış çağırışından başlayaraq 6 ay endirməyi və bununla da 18 aylıq yeni bir müddətin müəyyən edilməsini məqsədəuyğun hesab edib.