Modern.az

ABŞ Rusiya ilə gizli danışıqlar aparırmış

ABŞ Rusiya ilə gizli danışıqlar aparırmış

Dünya

25 Noyabr 2025, 10:40

ABŞ ordusunun katibi Daniel Driskoll hazırda Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə Rusiya nümayəndələri ilə Ukrayna üzrə mümkün sülh razılaşmasını müzakirə edir.

Modern.az xəbər verir ki, bu barədə "CBS News" iki amerikalı rəsmiyə və iki diplomatik mənbəyə istinadən məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, Driskoll 24 noyabr axşamı Rusiya nümayəndə heyəti ilə görüş keçirib, növbəti raund isə 25 noyabr üçün planlaşdırılıb.

“Driskoll gün ərzində Rusiya tərəfi ilə daha bir görüş keçirməlidir. Mövzu sülh prosesinin müzakirəsi və danışıqların mümkün qədər sürətlə irəlilədilməsidir”, - mənbə qeyd edib.

Hazırda Rusiya nümayəndə heyətinin tərkibi açıqlanmır. ABŞ tərəfindən görüşdə iştirak edən digər rəsmilər barədə də məlumat verilmir.

"Financial Times" da CBS-in məlumatını təsdiqləyib. Nəşrin mənbələrinə görə, Driskoll Əbu-Dabidə həmçinin Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanovla görüşməlidir. Lakin Moskva, Kiyev və Vaşinqtonun üçtərəfli görüş keçirib-keçirmədiyi bilinmir.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov 24 noyabrda bildirib ki, bu həftə ABŞ-la görüş planlaşdırılmayıb, lakin Moskva danışıqlara “hər zaman açıqdır”.

Əbu-Dabidəki gizli görüşlərlə yanaşı, 23 noyabrda Cenevrədə ABŞ, Ukrayna və Avropa ölkələrinin nümayəndələri arasında Tramp administrasiyasının yeni sülh planı müzakirə olunub.

ABŞ dövlət katibi Marko Rubio danışıqları “indiyə qədərki ən məhsuldar” görüş adlandırıb. Ukrayna tərəfinə rəhbərlik edən Prezident Administrasiyasının rəhbəri Andrey Yermak da görüşü “çox məhsuldar” kimi qiymətləndirib.

"Financial Times" yazır ki, Cenevrə görüşündən sonra Trampın ilkin olaraq 28 bənddən ibarət olan planı 19 bəndə endirilib.

Sizə yeni x var
Keçid et
Paşinyan Putinin üzünə qayıtdı: Gəlmirik!