ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkofun Rusiya rəsmiləri ilə telefon danışığının mətni mediaya ötürülüb.
Modern.az xəbər verir ki, telefon danışıqlarının detallarını "Bloomberg" agentliyi dərc edib.
Telefon danışıqları Uitkof ilə Rusiya prezidentinin xarici siyasət müşaviri Yuri Uşakov, həmçinin Kreml iqtisadi müşaviri Kirill Dmitriyev arasında aparılıb.
14 oktyabr tarixli ilk telefon danışığında Uitkof Uşakova Putinlə Tramp arasında telefon danışığının dərhal təşkil edilməsini məsləhət görür və bunun üçün konkret “dil və davranış strategiyası” təqdim edir. O qeyd edib ki, Putin Trampı Qəzza sülh planına görə təbrik etməli, Trampın “sülh adamı” olduğunu vurğulamalıdır. ABŞ-la birlikdə Ukrayna üzrə eyni formatda “20 maddəlik sülh planı” hazırlaya biləcəklərinə işarə etməlidir.
“Biz Qəzza üçün 20 maddəlik Tramp planı hazırladıq. Bəlkə Ukrayna üçün də eyni şeyi edək”, - Uitkof bildirib.
“Mən Trampa demişəm ki, Rusiya həmişə sülh istəyib. Mən buna inanıram”, - o əlavə edib.
Xüsusi nümayəndə Zelenskinin 17 oktyabrda Ağ Evə səfərindən əvvəl Putinlə Trampın danışığının təşkil edilməsini “çox vacib” adlandırır: “Zelenski cümə günü Ağ Evə gəlir. Mən də o görüşdə olacağam. Amma əgər mümkündürsə, sizin boss (Putin) Trampa bu görüşdən əvvəl zəng etsin.”
İki gün sonra Putin Trampa zəng edir. Danışıq 2,5 saat davam edir və Tramp bunu “çox məhsuldar” adlandırır. Ardınca o, Budapeştdə Putinlə görüş planını açıqlayır.
"Bloomberg"in analizinədə görə, Uitkof-Uşakov danışığı sonradan formalaşan və ABŞ-ın Ukraynaya qəbul etdirmək istədiyi 28 maddəlik sülh planının başlanğıc nöqtəsi olub. Kremlin də bu plana öz düzəlişlərini göndərdiyi bildirilir.
Putin bu ayın əvvəlində 28 maddəlik təklifin “danışıqlar üçün əsas ola biləcəyini” bildirib.
29 oktyabrda Uşakov və Dmitriyev arasında baş tutan ikinci telefon danışığı Moskvanın ABŞ-la koordinasiyanı davam etdirdiyini təsdiqləyir.
Bu dəfə Kreml rəsmiləri Vaşinqtona hansı şərtləri maksimum şəkildə təqdim etməli olduqlarını müzakirə edir:
Uşakov:
“Maksimum istəmək lazımdır. Yoxsa bizdən nə keçirməyin mənası var?”
Dmitriyev:
“Biz kağızı öz mövqeyimizə uyğun hazırlayırıq. Mən onu qeyri-rəsmi ötürəcəyəm. Amerikalılar tam versiyanı qəbul etməsələr də, çox yaxın sənəd hazırlayacaqlar.”
Uşakov Vaşinqtonun planı sonradan “düzgün təqdim etməməsindən” narahat olduğunu deyir. Dmitriyev isə onu arxayın salır: “Mən dediklərinizi sözbəsöz ötürəcəyəm.”
Sızmalar yayılarkən Ağ Evdən ilk reaksiya gəlib. Prezident Trampın kommunikasiya direktoru Stiven Çunq deyib: “Bu hekayə yalnız bir həqiqəti sübut edir: Uitkof sülh üçün həm Rusiya, həm də Ukrayna rəsmiləri ilə hər gün danışır. Prezident onu buna görə təyin edib.”
Kreml isə "Bloomberg"in sorğusuna cavab verməyib.