Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan Türkiyə şirkətinin “Tramp marşrutu” (Zəngəzur dəhlizi) layihəsində iştirak etmə ehtimalını şərh edib.
Moderm.az xəbər verir ki, nazir müavini Ermənistanın Türkiyə şirkətinin iştirakını istisna edib-etməyəcəyi ilə bağlı suala cavab olaraq bildirib:
"Buna tərəflər qərar verməlidir. Təbii ki, hər tərəfin öz yanaşması var. Hər şey məsləhətləşmələr yolu ilə həll olunacaq".
Onun sözlərinə görə, bütün qərarlar və şirkət seçimi tərəflərin maraqlarına uyğun olmalıdır. Lakin ilk növbədə, erməni-amerikan şirkəti yaradılmalıdır.
Səfəryan deyib ki, hazırda məhz bu məsələ ilə bağlı aktiv müzakirələr aparılır.
Xatırladaq ki, 8 avqustda Vaşinqtonda Ermənistan, ABŞ və Azərbaycan liderləri münaqişənin sülh yolu ilə həlli ilə bağlı birgə bəyannamə imzalayıblar. Ermənistan “Tramp marşrutu”nu (TRIPP) ABŞ-a 99 ilə qədər icarəyə verməyə razılaşıb. Bu marşrut vasitəsilə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında quru əlaqəsi yaranacaq. Amerika tərəfi Zəngəzur dəhlizi qurulacaq torpağı infrastruktur və idarəetmədən məsul olan konsorsiuma icarəyə verməyi planlaşdırır.