Modern.az

Şahlar Novruzovun əmlakı müsadirə olundu

Şahlar Novruzovun əmlakı müsadirə olundu

Dünya

26 Noyabr 2025, 13:52

Rusiyanın Krasnodar Arbitraj Məhkəməsi Azərbaycan əsilli biznesmen Şahlar Novruzovun aktivlərinin dövlət nəfinə müsadirə olunmasına qərar verib.

Modern.az xəbər verir ki, qərar noyabrın 24-də Rusiya Baş Prokurorluğunun iddiası əsasında çıxarılıb.

Məhkəmə hökmü ilə Novruzova məxsus “Tuapsinskiy dəniz kommersiya limanı” MMC, “TMKP müəssisəsi” MMC, həmçinin “Dar Frut” şirkətinin  bütün aktivləri Rusiya dövlətinin mülkiyyətinə keçib.

Xatırladaq ki, Şahlar Novruzov 26 sentyabrda saxta sənədlərdən istifadə etməklə 1 milyard rublluq əmlakı mənimsəməkdə ittiham edilərək həbs edilib. O, uzun illər Kuban bölgəsində nüfuzlu iş adamı və Azərbaycan diasporunun liderlərindən biri kimi tanınıb.

Gəncə əsilli Novruzov 1990-cı illərin sonunda Rusiyaya köçərək əvvəlcə Azərbaycan məhsullarının (mineral su və şirələr) idxalı ilə məşğul olub. Sonralar fəaliyyəti genişlənərək tikinti firması, kənd təsərrüfatı kompleksi, o cümlədən Tuapse limanı yaxınlığında iri biznes strukturları yaradıb.

Məlumatlara görə, 2014-cü ildə Novruzov Tuapse limanının yükləmə-terminal şirkətlərinin səhmlərini satın alıb və bu liman vasitəsilə Azərbaycan və Türkiyədən Rusiyaya meyvə-tərəvəz idxalını təşkil edib.

İstintaq iddia edir ki, liman ətrafında 1994-cü ildən bəri qanunsuz özəlləşdirmə və əmlak dövriyyəsi aparılıb.

“Kommerstant”ın yazdığına görə, dövlətə keçirilən şirkətlərin ümumi kapitallaşması 691 milyon rubldan çoxdur, illik dövriyyəsi isə 264,7 milyon rubl, xalis gəliri 67,1 milyon rubl təşkil edir. Bundan əlavə, 383,6 milyon rubl dəyərində 24 liman obyektinin də dövlət balansına keçirildiyi bildirilir.

Sizə yeni x var
Keçid et
Əli Kərimli Mehdiyevə görə HƏRƏKƏTƏ KEÇDİ