Modern.az

İmralı görüşü - AK Partiya və CHP nümayəndələri Modern.az-a danışdılar

İmralı görüşü - AK Partiya və CHP nümayəndələri Modern.az-a danışdılar

Dünya

26 Noyabr 2025, 16:43

Türkiyə parlamentinin Milli həmrəylik, qardaşlıq və demokratiya komissiyasının üç partiyadan ibarət nümayəndə heyəti PKK terror təşkilatının həbsdəki lideri Abdullah Öcalanla görüşmək üçün İmralı adasını ziyarət edib.

Nümayəndə heyətinə Ədalət və İnkişaf Partiyasından (AK Partiya) Hüseyn Yayman, Milliyyətçi Hərəkat Partiyasından (MHP) Feti Yıldız və Xalqların Bərabərlik və Demokratiya Partiyasından (DEM Partiya) Gülistan Koçyiğit daxil olub.

Görüşün necə keçdiyi, eləcə də növbəti görüşün gözlənilib-gözlənilmədiyi və nəhayət Cümhuriyyət Xalq Partiyasının (CHP) da orada iştirak edib-etməyəcəyi maraq doğurur.

Mövzu ilə bağlı Modern.az-a danışan Türkiyə Böyük Milllət Məclisinin hakim Ədalət və İnkişaf Partiyasından olan deputatı Şamil Ayrım bildirib ki, İmralıdakı görüşlərlə bağlı yaradılan komissiyanın məlumatı olacaq:

“Terrorsuz Türkiyə ilə bağlı Türkiyə Böyük Millət Məclisində komissiya qurulub. Həmin komissiya təqribən 3-4 aydır bir çox kəsimlərlə danışıq aparıb. Nəticədə komissiya İmralıya getmək qərarın gəlib. O görüşlər də baş tutdu. Hələ komissiya ictimaiyyətə nəsə açıqlamayıb. Komissiyanın toplanıb görüşləri analiz etməsini gözləyirik. Bundan sonra bir yol xəritəsi müəyyənləşdiriləcək. Hər şey normaldır. Türkiyə bu bəladan xilas olmaq istəyir. Bütün məqsədimiz budur. Bu gün-sabah komissiya toplanacaq. Görüşün məğzi ilə bağlı məlumat ictimaiyyətə açıqlanmayıb. Önümüzdəki günlərdə o məlumatı açıqlayarlar. Hamımız nəticələri görəcəyik”.

Cümhuriyyət Xalq Partiyasının xarici siyasət koordonatoru İlhan Üzgel isə deyib ki, CHP lap əvvəldən kürd məsələsində sülhpərvər həll yolunu dəstəkləyib:

“Bu məsələdə keçmişdən bəri müəyyən etdiyimiz prinsiplərimiz var. Prinsiplərimizə aiddir:

- Həll yolunun mərkəzi Məclis olmalıdır;

- Hüquq çərçivəsində addımlar atılmalıdır;

- Proses mümkün qədər şəffaf aparılmalıdır;

- Cəmiyyətin razılığı olmalıdır;

Partiyamızın sədri şəhid və qaziləri narahat etməyəcək bir həll yolunu müdafiə edir. Məhz bu səbəbdən həm prosesi dəstəklədik, həm də Məclisin komissiyasına üzv verdik.  

Hazırda proseslər çərçivəsində dövlət rəsmiləri və müvafiq qurumlar Öcalanla təmas halındadır. Onun dövlət nəzarətində açıqlama verdiyini və bunu yayımladığını bilirik. Öcalan fikirlərini komissiyaya çatdırmaq imakanına sahibdir və bu imkanın istifadə də edir.  Bu baxımdan xalqın seçdiyi millət vəkillərinin Öcalanı ziyarət etməsi şərt deyildi. Cəmiyyət bunu istəmir.

Kürd probleminin həllinin Öcalanla görüşə və ya heyətə CHP-nin üzv verməsi səviyyəsinə endirilməsi doğru yanaşma deyil. Bu bir şəxs məsələsidir. CHP başqa partiyaların qoyduğu xətt üzrə getmək məcburiyyətində deyil. Öz seçimini edə bilər və öz seçimini edib”.

İ.Üzgel Məclis heyətinin Öcalanı yenidən ziyarət edəcəyini düşünmədiyini söyləyib:

“AK Partiyada xalqımızın bu ziyarətə qarşı olduğunu bilirlər. Hökumətə yaxın media bu ziyarəti görməzdən gəldi və xəbər etmədi”.

Whatsapp
Bizə yazın!
Keçid et
Əli Kərimli Mehdiyevə görə HƏRƏKƏTƏ KEÇDİ