İordaniyada baş verən gözlənilməz siyasi dəyişiklik cəmiyyətdə ciddi müzakirələrə səbəb olub.
Kral II Abdullahın ölkəni “özəl səfər” adı ilə tərk etməsi və vəliəhd şahzadə Hüseynin regent kimi and içməsi Haşimilər krallığında yeni siyasi mərhələnin başlandığı ehtimalını gücləndirib.
Modern.az xəbər verir ki, kralın ölkəni tərk etməsi barədə məlumatı İordaniyanın "Petra" dövlət agentliyi yayıb.
Qısa və rəsmi formada verilən açıqlama daha çox sual doğurub. Kral haradadır? Səfərin məqsədi və müddəti niyə açıqlanmır?
Kralın ölkədən çıxmasının ardınca vəliəhd Hüseyn dərhal regent kimi fəaliyyətə başlayıb. O, atasını rəsmi tədbirlərdə, o cümlədən İordaniya Futbol Assosiasiyasının 75 illiyində təmsil edib. Onu həyat yoldaşı, şahzadə Racva müşayiət edib.
Hadisənin qəfil baş verməsi, eyni zamanda, protokolun əvvəlcədən dəqiqliklə hazırlanmış təsiri yaratması diqqət çəkib. "Haqqın.az"da dərc edilən məqalədə bildirilir ki, son illər Hüseynə müdafiə, diplomatiya və idarəetmə sahələrində daha geniş səlahiyyətlərin verilməsi artıq hakimiyyətin tədricən ötürülməsi prosesindən xəbər verirdi. Bu dəfə onun regent kimi and içməsi də həmin prosesin geri dönüşü olmayan mərhələyə yaxınlaşdığını göstərir.
Kralın ölkəni qəfil tərk etməsi sağlamlığı ilə bağlı versiyaları yenidən gündəmə gətirib. 2025-ci ildə yüngül əməliyyat və payızda ləğv olunmuş səfər barədə məlumatlar olsa da, saray həmin halların ciddi olmadığını bildirmişdi. Hazırda isə səfərin səbəbi açıqlanmır.
Xatırladaq ki, bu ilin əvvəlində Ağ Evdə keçirilən görüş zamanı kral Abdullahın kameralar qarşısında tez-tez göz qırpması sosial şəbəkələrdə geniş müzakirə edilmiş, monarxın gərgin siyasi vəziyyətdən psixoloji təzyiq altında olduğu iddia olunmuşdu.
İordaniya cəmiyyəti hələ də 2021-ci ildə kralın qardaşı şahzadə Həmzə ilə bağlı “saray çevrilişi cəhdi” iddialarını unutmamışkən, yeni regentlik addımı növbəti siyasi transformasiya ehtimallarını gücləndirib. İordaniyada “regent” anlayışı çox ciddi çəkiyə malikdir və hakimiyyətin qərar qəbul etmə mərkəzinin müvəqqəti də olsa dəyişməsi anlamına gəlir.