Ötən gün mətbuatda Pakistanın həbsdə olan sabiq baş naziri İmran Xanın öldürülməsi barədə xəbərlər yayılıb.
Modern.az-ın məlumatına görə, xəbərin ilk mənbəyi kimi "Afghanistan Times" media portalı göstərilib.
Onun meyitinin həbsxanadan çıxarıldığı iddia edilib. "İslamabad Post" qəzeti də öz növbəsində Pakistan Təhrik-e-İnsaf hərəkatının yaraqlılarının Adiala həbsxanasına girməyə cəhd etdiyini bildirib.
Ancaq rəsmi mənbələr bu gün məlumatı təkzib edib.
Pakistanın Adiala həbsxanasının rəhbərliyi bəyanat yayaraq bildirilib ki, İmran Xanın səhhəti ilə bağlı yayılan şayiələr əsassızdır və ona hərtərəfli tibbi yardım göstərilir.
Bundan başqa, həbsxana rəhbərliyi onun başqa yerə köçürülməsi mümkünlüyü barədə məlumatları da təkzib edib.
Xatırladaq ki, İmran Xan və onun həyat yoldaşı 2024-cü ilin yanvarında korrupsiya ittihamı ilə 14 il azadlıqdan məhrum edilib. Bununla yanaşı, o, dövlət sirrini yaydığına görə daha 10 il həbs cəzası alıb.