Belarus Prezidenti Aleksandr Lukaşenko müharibənin ilk günlərində Ukrayna Prezidenti Volodimir Zelenskiyə məsləhət verdiyini bildirib.
Modern.az xəbər verir ki, Lukaşenko bunu rusiyalı jurnalist Pavel Zarubinə müsahibəsində deyib.
Onun sözlərinə görə, əgər Kiyev Minsk razılaşmalarını yerinə yetirsəydi, bu gün müharibə olmazdı:
“Ukrayna Minsk razılaşmalarını icra etsəydi, müharibə baş verməzdi və ölkə 1991-ci il sərhədlərində qalardı”, – Belarus lideri bildirib.
Lukaşenko Zelenskiyə hazırkı vəziyyəti düzgün qiymətləndirməyi tövsiyə etdiyini söyləyib:
“Əgər indi Ukraynanın mövcud sərhədlərlə qalmasını istəyirsə, danışıqlara getməlidir. Heç bir halda danışıqları pozmaq lazım deyil”.
Belarus Prezidenti iddia edib ki, hazırda Ukraynanın hələ də dənizə çıxışı, o cümlədən Odessa və Nikolayev kimi mühüm şəhərləri var, lakin bu vəziyyət “bir anın içində dəyişə bilər”.
Lukaşenko həmçinin ABŞ tərəfindən hazırlanmış “sülh planı”na da toxunub:
“Biz Rusiyanın Ukrayna ilə sülh sazişi əldə etmək cəhdlərini dəstəkləyirik. Əsas məqamlar artıq razılaşdırılıb. ABŞ diplomat kimi davranarsa, bu müqavilə imzalanacaq”, – deyə o vurğulayıb.