Son bir həftə ərzində ukraynalı müdafiəçilər Pokrovskda fəal şəkildə Rusiya ordusunu məhv ediblər. Şəhərin üçdə birindən çoxu Rusiya hərbçilərindən təmizlənib.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Aleksandr Sırski “Facebook” səhifəsində məlumat verib.
Sırski Pokrovsk bölgəsinə növbəti işgüzar səfərini başa vurduğunu qeyd edib. Orada hərbi komandanlıq orqanlarının komandirləri, eləcə də hərbi hissə və bölmə komandirləri ilə müşavirə keçirib.
Generalın sözlərinə görə, vəzifələr dəyişməz olaraq qalır: Ukraynanın mövqelərini müdafiə etmək, rus işğalçılarının mümkün qədər çox şəxsi heyətini və texnikasını aşkar edərək məhv etmək, habelə onların maddi-texniki təminatını pozmaq və düşmənə qarşı havada effektiv mübarizə aparmaq.
"Biz kiçik piyada dəstələri ilə şəhərlərə basqın etmək cəhdlərinin qarşısını alırıq. Bu məqsədlə, eləcə də itirilmiş mövqeləri bərpa etmək üçün xüsusi bölmələrimiz aktiv əməliyyatlar həyata keçirir. Son bir həftə ərzində biz Pokrovsk şəhərinin özündə təqribən 11,5 kvadratkilometr ərazidə düşmənin axtarışı və məhv edilməsi əməliyyatı aparmışıq", - deyə Sırski əlavə edib.
Qeyd edək ki, Pokrovskın ümumi sahəsi 29,7 kvadratkilometrdir. Beləliklə, 11,5 kvadratkilometr şəhər ərazisinin üçdə birindən çoxdur.
Sırski təsdiqləyib ki, Ukrayna qüvvələrinin əhəmiyyətli və effektiv müqaviməti nəticəsində Rusiya Pokrovsk-Mirnoqrad bölgəsi ərazisində öz operativ ehtiyatlarını yerləşdirməyə məcbur olub.
“Təcavüzkar buradakı hücumlarının istiqamətini daim dəyişməyə çalışır, məkrli infiltrasiya taktikalarından istifadə edir, o cümlədən mülki şəxslər kimi maskalanaraq və ya onların arxasında gizlənir”, - deyə o əlavə edib.
Sırski qeyd edib ki, mövcud logistik marşrutların saxlanılması və yeni logistik marşrutların yaradılması istiqamətində işlər davam etdirilir.
"Biz qrupumuza maksimum dəstək verməliyik və yaralıların vaxtında tibbi təxliyəsini həyata keçirməliyik. Təkcə öz mövqelərimizi saxlamaqla kifayətlənməməliyik, həm də müdafiəçilərimizin həyat və sağlamlığını qorumalıyıq", - deyə general aydınlaşdırıb.