Rusiya xarici işlər naziri Sergey Lavrov bir müddətdir mediada “yoxa çıxması” ilə bağlı səslənən suallara ironik münasibət bildirib.
Modern.az xəbər verir ki, Macarıstanın baş naziri Viktor Orbanla Rusiya prezidenti Vladimir Putin arasında danışıqlar üçün Kremlə gələrkən jurnalistlər nazirdən “hara yoxa çıxmısınız?” deyə soruşublar.
Lavrov isə sualı zarafatla cavablandırıb: “Mən hələ də yoxam”.
Qeyd edək ki, son günlər bəzi xarici KİV-lər (The Economic Times və The Independent) Lavrovun ləğv edilən Putin–Tramp görüşü səbəbindən “qara siyahıya düşdüyünü” iddia edirdilər. Həmin məlumatlarda prezident Vladimir Putinlə ABŞ prezidenti Donald Tramp arasında Budapeştdə keçirilməsi planlaşdırılan sammitin pozulmasının Lavrovun “siyasi mövqeyini zəiflədə biləcəyi” yazılmışdı.
Kreml bu məlumatları dəfələrlə təkzib edib. Putin jurnalistlərə açıqlamasında iddiaları “saxta” adlandırıb və Lavrovun ABŞ tərəfi ilə görüşə hazırlaşdığını bildirib: “Onun öz iş qrafiki var. Mənə məlumat verdi və nə ilə məşğul olacağını dedi”.
Prezidentin mətbuat katibi Dmitri Peskov da bəyan edib ki, Lavrov “iş başındadır” və “hər şey qaydasındadır”.