Madriddə on minlərlə insan hökumət əleyhinə aksiyaya çıxaraq İspaniyada növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb edib.
Modern.az xəbər verir ki, “The Guardian”ın məlumatına görə, etirazlara mühafizəkar Xalq Partiyası (PP) rəhbərlik edib.
Aksiya “Mafiya, yoxsa demokratiya?” şüarı altında keçirilib. Kütləvi yürüş keçmiş nəqliyyat naziri Xose Luis Abalosun üç gün əvvəl korrupsiya işi üzrə saxlanılmasından sonra təşkil olunub. Abalos bir vaxtlar baş nazir Pedro Sançesin ən yaxın siyasi tərəfdaşlarından sayılırdı.
Partiya aksiyada təxminən 80 min nəfərin iştirak etdiyini açıqlayıb, lakin Madrid regional hökumətinin nümayəndəsi bu rəqəmin təxminən iki dəfə az olduğunu bildirib.
Xalq Partiyasının lideri Alberto Nunyess Feyxoo parlamentin hazırkı fəaliyyətini “absurd” adlandırıb və onun bu şəkildə davam edə bilməyəcəyini vurğulayıb. O, Abalosun həbsi fonunda çıxış edərək “Sançizm siyasi, iqtisadi, institusional, sosial və mənəvi korrupsiyadır. Sançizm artıq həbsdədir və hakimiyyətdən getməlidir”, – deyə bildirib.
Hökumət tərəfi isə ittihamları rədd edib. Ədliyyə naziri Feliks Bolanyo Xalq Partiyasını və ultrasağ Vox partiyasını baş nazir Pedro Sançes haqqında “ən mənasız bəyanatlar vermək üçün bir-biri ilə yarışmaqda” ittiham edib.