Ukrayna Silahlı Qüvvələri Rusiya Müdafiə Nazirliyinin Donetsk vilayətinin Lıman yaxınlığındakı Stavki və Novoselovka yaşayış məntəqələrini ələ keçirməsi barədə yaydığı məlumatı təkzib edib.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Üçüncü Ordu Korpusu məlumat yayıb.
Korpusun bəyanatında bildirilir ki, Rusiya ordusu növbəti dəfə manipulyasiya məqsədilə dezinformasiya yayıb:
“20-ci ordu komandanlığı və Rusiya Müdafiə Nazirliyi guya Stavki və Novoselovka kəndlərinin "ələ keçirildiyini" iddia edir. Bu, tamamilə uydurmadır.”
Ukrayna hərbçilərinin sözlərinə görə, Rusiya bölmələri eyni taktikanı tətbiq edir, nəzarət etmədikləri ərazilərə kiçik diversiya qrupları göndərilir, orada üçrəngli bayraqla qısa videolar çəkilir və bu görüntülər “qələbə kimi” təqdim olunur.
Korpus qeyd edir ki, belə qrupların hər biri Ukrayna bölmələri tərəfindən operativ şəkildə zərərsizləşdirilir: “Rusiya ordusunun komandirləri real itkiləri gizlətmək üçün uydurma nailiyyətlər barədə hesabat verməyə davam edirlər.”
60-cı ayrı mexanikləşdirilmiş briqadanın komandiri Dmitri Roqozyuk da vəziyyətin nəzarətdə olduğunu təsdiqləyib:
“Briqada və qonşu bölmələr Donetsk istiqamətində mövqeləri sabit şəkildə qoruyur. Stavki və Novoselovka ilə bağlı iddialar üçün heç bir əsas yoxdur.”