Modern.az

Rusiya Şahin Şıxlinskini ömürlük həbs edəcək?

Rusiya Şahin Şıxlinskini ömürlük həbs edəcək?

Dünya

2 Dekabr 2025, 14:35

Rusiyada Ural bölgəsində Azərbaycan diasporunun keçmiş rəhbəri olmuş Şahin Şıxlinski barəsində aparılan üç cinayət işi üzrə istintaq tamamlanıb.

Modern.az xəbər verir ki, Rusiya mediasının yazdığına görə, məhkəmədə o, ən ağır cəza - ömürlük həbs cəzası ilə üzləşə bilər.

Məlumatda bildirilir ki, Şıxlinski ona qarşı irəli sürülən bütün ittihamları qətiyyətlə rədd edir və özünü təqsirli hesab etmir.

İstintaqla paralel onun oğlu Mutvalı Şıxlinski barədə də ayrıca cinayət işi açılıb. O, hüquq-mühafizə orqanı əməkdaşına “zor tətbiq etmədə” ittiham olunur. Bu maddə üzrə maksimum cəza 10 il azadlıqdan məhrumetmədir. Mutvalı Şıxlinski də ittihamları qəbul etmir.

Rusiya hüquq-mühafizə orqanları istintaqı tamamlayaraq materialları məhkəməyə təqdim edib. Yaxın günlərdə prosesin başlanacağı gözlənilir.

Xatırladaq ki, avqust ayında Moskvanın Basmannı Məhkəməsi  “Azərbaycan-Ural” ictimai təşkilatının və Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskini qiyabi həbs edib. O, Moskvada könüllü şəkildə təslim olub və oradan Yekaterinburqa aparılıb.

Yerli mətbuat yazır ki, Şahin Şıxlinskiyə qarşı Rusiya Cinayət Məcəlləsinin iki maddəsi üzrə cinayət işi açılıb.

O, Rusiya Cinayət Məcəlləsinin 318-ci maddəsi (hakimiyyət nümayəndəsinə qarşı zor tətbiqi) və 105-ci maddəsinin 2-ci hissəsi (qəsdən adam öldürmə) ilə axtarışa verilmişdi.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədən Rusiyaya ağır zərbə: Nə baş verir?