Modern.az

Erməni sürücülər narazıdır

Erməni sürücülər narazıdır

Dünya

2 Dekabr 2025, 20:12

Ermənistanda sürücülərin qonşu ölkələrə səfərləri zamanı üzləşdikləri problemlərlə bağlı müzakirələr genişlənir. Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi həm İran, həm də Gürcüstanla bağlı narazılıqların araşdırıldığını bildirir.

Modern.az xəbər verir ki, erməni KİV-lərinin məlumatına görə, nazir müavini Armen Simonyan parlamentdə çıxışı zamanı İranla aparılan danışıqlara toxunub.

Deputat Armen Xaçatryanın sualını cavablandıran Simonyan bildirib ki, İran tərəfi soydaş sürücülərdən ölkəyə demək olar boş yanacaq çənləri ilə daxil olmağı və məhz İranda yanacaq doldurmağı tələb edir. Üstəlik, sürücülər Ermənistandakı və İrandakı dizel qiymətləri arasındakı fərqi də ödəməlidirlər.

Nazir müavini vurğulayıb ki, İranda dizel dövlət tərəfindən subsidiyalaşdırıldığı üçün yerli vətəndaşlar daha ucuz qiymətə yanacaq alırlar, lakin xarici sürücülər üçün bu güzəşt keçərli deyil. Simonyanın sözlərinə görə, İran rəsmiləri həmçinin bildirib ki, ölkəni tərk edən iranlı sürücülər də yanacağı subsidiyasız, yəni tam qiymətə alırlar.

Parlamentdə gündəmə çıxarılan başqa bir məsələ isə Gürcüstandakı cərimələrlə bağlıdır. Müstəqil deputat Geğam Nazaryan bildirib ki, Gürcüstana öz avtomobili ilə səfər edən ermənilər tez-tez yol hərəkəti qaydalarının pozulmasına görə cərimələnir və ödəniş vaxtında edilmədikdə növbəti giriş zamanı onlardan gecikmə faizi tutulur. Şikayətçilər deyir ki, Gürcüstan sərhədçiləri ölkədən çıxış zamanı bu barədə xəbərdarlıq etmirlər.

Nazir müavini Simonyan isə şəxsi təcrübəsini bölüşərək yaxın günlərdə Gürcüstana avtomobillə getdiyini bildirib:

“Geri qayıdarkən məni sərhəddə saxlayıb avtobus zolağına daxil olduğum üçün qayda pozuntusu etdiyimi dedilər. Cəriməni yerindəcə ödədim və Ermənistana keçdim. Sizin dediyiniz hallar barədə ilk dəfə eşidirəm, amma məlumatı gürcü həmkarlarıma çatdıracağam”, – deyə o qeyd edib.

Simonyan son günlər İranla sərhəddə avtomobil növbələrinin artması barədə isə şərh verməkdən imtina edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədən Rusiyaya ağır zərbə: Nə baş verir?