Şri-Lanka hakimiyyəti çərşənbə günü bildirib ki, indiyə qədər ən azı 465 nəfərin ölümünə səbəb olan Ditva siklonunun dağıtdığı evləri, sənaye müəssisələrini və yolları bərpa etmək üçün təxminən 7 milyard dollara ehtiyac duyacaqlar.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, ötən həftə adada rekord miqdarda yağış gətirən siklonun yaratdığı torpaq sürüşmələri və daşqınlarından sonra itkin düşmüş 366 nəfər üçün ümidlər azalıb.
"İlkin hesablamalarımız göstərir ki, yenidənqurma üçün təxminən 6-7 milyard dollara ehtiyacımız olacaq", - deyə böyük bərpa işlərinə nəzarət edən Əsas Xidmətlər üzrə Baş Komissar Prabat Çandrakirti bildirib.
O əlavə edib ki, hökumət hər ailəyə evlərini təmizləmək üçün 25.000 rupi (81 dollar) ayırır, evlərini itirənlər isə 2,5 milyon rupiyə (8100 dollar) qədər yardım alacaqlar.
Prezident Anura Kumara Dissanayake bildirib ki, ölkə hələ də üç il əvvəlki ən pis iqtisadi böhrandan yenicə çıxdığı üçün bərpa işlərini maliyyələşdirmək üçün xarici yardıma ehtiyac var. Dissanayake ölkədə fövqəladə vəziyyət elan edib
Çərşənbə günü paytaxt Kolomboda suyun səviyyəsi həftəsonu baş verən güclü daşqınlardan sonra azalmağa başlayıb. Ölkədə 1,5 milyondan çox insan fəlakətdən təsirlənib, təxminən 200.000 insan hökumət tərəfindən idarə olunan sığınacaqlardadır.