İran dərin quraqlıq və su çatışmazlığı fonunda ilk dəfə olaraq su idxalına açıq olduğunu bəyan edib.
Modern.az xəbər verir ki, bu barədə İranın energetika naziri Abbas Əliyebadi çıxışında deyib.
Nazirin sözlərinə görə, əgər regionda suyu “məqbul qiymətə satmağa hazır olan ölkə varsa”, Tehran su almağa hazırdır. Əliyebadi bildirib ki, İran hazırkı böhran şəraitində su təminatını sabitləşdirmək üçün bütün mümkün variantları nəzərdən keçirir.
İran son illərin ən ağır quraqlığını yaşayır. 2025-ci ilin martında prezident Məsud Pezeşkian quraqlığın və suya həddindən artıq tələbatın ölkəni humanitar fəlakətə sürüklədiyini açıqlamışdı. İlin ortasına doğru vəziyyət kritik həddə çatdı: paytaxt Tehranın bir çox rayonlarında suyun verilişi 48 saata qədər dayandırıldı.
2025-ci ilin yayında regionun ən böyük duzlu gölü olan Urmiya tamamilə qurudu. Noyabrda Tehranın əsas su hövzəsində ehtiyatlar minimuma düşdü və hökumət suyun cəmi bir neçə həftəyə çata biləcəyini etiraf etdi.
Prezident Pezeşkian noyabrın 8-də bəyan etmişdi ki, yağışlar olmasa, paytaxtın müəyyən hissələrinin əhalisi təxliyə edilə bilər.
İranın su idxalına açıq olması fonunda regionda, o cümlədən Azərbaycanda bu məsələnin gündəmə gələcəyi istisna edilmir. Lakin indiyədək rəsmi Bakıdan İranın su almaq təklifinə dair hər hansı açıqlama verilməyib.