ABŞ prezidenti Donald Tramp Demokratik Konqo Respublikası və Ruanda liderlərini Vaşinqtonda bir araya gətirərək regionda gərginliyin azaldılmasına yönəlmiş yeni razılaşmaların imzalanmasına nail olub.
Modern.az xəbər verir ki, danışıqlarda Ruandanın prezidenti Pol Kaqame və Konqo lideri Feliks Çisekedi iştirak edib.
Tərəflər uzun müddətdir davam edən etnik qarşıdurmalar və M23 qiyamçı qruplaşmasının hücumları fonunda iqtisadi inteqrasiya pakti, həmçinin kritik minerallar, təhlükəsizlik və iqtisadi əməkdaşlıq üzrə sazişlərə yenidən sadiq olduqlarını bəyan ediblər. Bu razılaşmaların əsası iyunda ABŞ vasitəçiliyi ilə əldə edilmişdi, lakin hələ tam icra olunmamışdı.
Tramp administrasiyası son aylarda Yaxın Şərqdən Ukraynaya qədər bir sıra münaqişələrə müdaxilə etməklə diplomatik fəallığını artırmağa çalışır. Lakin ABŞ-ın vasitəçiliyinə baxmayaraq, Konqonun cənub və şərq bölgələrində döyüşlər davam edir. M23 hökumət qüvvələrini atəşkəsi pozmaqda ittiham edir, Konqo tərəfi isə qruplaşmanın Ruandanın dəstəyi ilə yeni ərazilər ələ keçirdiyini bildirir.
Saziş M23-ü əhatə etmir və qruplaşma danışıqlarda iştirak etmir. Buna baxmayaraq, Ağ Ev bu addımı “prosesi davam etdirmək üçün mühüm siyasi öhdəlik” adlandırır.
Region qızıl, kobalt, litium və digər strateji minerallarla zəngindir. ABŞ bu sahədə Çinin təsirini azaltmaq üçün Konqo və Ruanda ilə əməkdaşlığı genişləndirmək istəyir.