Modern.az

Parisdə Putinin “gizli qızı” tapıldı - “Çox üzr istəyirəm”

Parisdə Putinin “gizli qızı” tapıldı - “Çox üzr istəyirəm”

Dünya

5 Dekabr 2025, 11:44

Rusiyanın prezidenti Vladimir Putinin “gizli övladı” kimi tanınan Luiza Rozova Paris küçələrində ukraynalı jurnalistlə qarşılaşıb.

Modern.az xəbər verir ki, o, Ukraynada müharibəyə görə üzrxahlıq edib və buna heç bir təsir imkanının olmadığını bildirib.

22 yaşlı Rozovanın Putinin keçmiş təmizlikçisi olan və sonradan milyonçuya çevrilən Svetlana Krivonoqixlə qeyri-rəsmi münasibətindən dünyaya gəldiyi iddia olunur.

Jurnalist Dmitro Svyatnenko ona yaxınlaşaraq Kremlin siyasi xətti, işğal müharibəsi və şəxsi məsuliyyəti barədə suallar verib. Rozova əvvəlcə çəkilişə etiraz edib, daha sonra isə deyib: “Baş verənlərə görə çox üzr istəyirəm. Təəssüf ki, bu vəziyyətə cavabdeh deyiləm”

Jurnalist bildirib ki, üç həftə əvvəl onun qardaşı Ukraynada həlak olub. O, Putinin qızı olduğu iddia edilən bir şəxsin Avropada rahat yaşamasını Kremlin təbliğatı fonunda ironiya adlandırıb. Rozova isə “indiki şəraitdə Kiyevə necə gedə bilərəm?” deyə cavab verib.

Məlumata görə, Rozova hazırda Parisdə özünütəcrid şəraitində yaşayır və anti-müharibə mövzulu sərgiləri ilə tanınan iki sənət qalereyasında çalışdığı güman edilir.

Almaniyanın "Bild" qəzeti avqust ayında onun şəxsi kanalına istinad edərək yazmışdı ki, Rozova “milyonlarla insanın həyatını alan və mənimkini də məhv edən adam” ifadəsini işlədib.

Rozovanın anası Svetlana Krivonoqix Rusiyanın ən varlı qadınlarından biridir. O, 1990-cı illərdə adi təmizlikçi işindən "Rossiya Bankı"nda şərikliyə və 100 milyon dollardan çox dəyəri olan əmlak portfelinə qədər yüksəlib. Ona həmçinin Sankt-Peterburqdakı məşhur “Leningrad Centre” əyləncə kompleksi məxsusdur.

Putinin Rozovanın atası olması iddiasını heç vaxt təsdiqləməyib. Onun şəxsi həyatı Rusiya siyasətində tabu mövzu sayılır.

Prezidentin 1980-ci illərdə rəsmən tanınan iki qızı var - Mariya Vorontsova və Katerina Tixonova. Bundan başqa, sabiq olimpiya gimnastı Alina Kabayeva ilə gizli nikah və iki oğul iddiaları uzun illərdir gündəmdədir. Kabayeva 2022-ci ildə Britaniyanın sanksiya siyahısına daxil edilib.

Rozova isə bu günədək Putinin qızı olduğunu nə təsdiq, nə də təkzib edib. Hadisə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Sizə yeni x var
Keçid et
DTX Əli Kərimliylə bağlı buna icazə verdi