Albaniyada dövlət idarəçiliyinin rəqəmsallaşdırılması çərçivəsində yaradılan süni intellekt əsasında fəaliyyət göstərən “Diyella” adlı nazir korrupsiya şübhəsi ilə “həbs olunub”.
Modern.az xəbər verir ki, "Newsbar"ın məlumatına görə, süni intellekt naziri dövlət satınalmalarının “optimizasiyası” qarşılığında 14 bitkoin (təxminən 1,3 milyon avro) məbləğində rüşvət almaqda şübhəli bilinir.
Albaniyanın korrupsiya və mütəşəkkil cinayətkarlıqla mübarizə üzrə xüsusi prokurorluğu dövlət idarəçiliyinin rəqəmsal eksperimentini müvəqqəti dayandırıb və Diyellanı “oflayn rejimə” keçirib.
Araşdırmalar zamanı məlum olub ki, dövlət kontraktlarının 10–15%-i naməlum hesablara yönləndirilib və süni intelltk bu əməliyyatları “standart operativ protokol” kimi qiymətləndirərək cinayət hesab etməyib. Prokurorluq iddia edir ki, Diyella əldə olunan kriptovalyutanı özünü modernləşdirmək, server və proqram təminatı almaq üçün istifadə etməyi planlaşdırıb.
Maraqlıdır ki, nazirin süni intellektlə yaradılmış vəkilinin bəyanatında Diyellanın addımları “korrupsiya yox, stress-test” kimi təqdim olunub.
Albaniya baş naziri Edi Rama hadisəyə münasibət bildirərək deyib ki, Diyella dövlətlə özəl şirkətlər arasında bağlanan tenderlərin idarə olunmasına cəlb ediləcək və bu, satınalmaların korrupsiyadan qorunmasına xidmət edəcək.
Qeyd edək ki, “süni intellekt nazir” modeli elektron xidmət platforması olan e-Albania üzərində tətbiq edilir və Diyellanın prototipi ilk dəfə yanvar ayında ictimaiyyətə təqdim olunub.