Çernobıl atom elektrik stansiyasının (AES) üzərindəki yeni sığınacaq artıq əsas qoruyucu funksiyalarını yerinə yetirmir.
Modern.az xəbər verir ki, bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) açıqlama yayıb. Agentlik yaxın vaxtlarda obyektə yoxlama aparıb və fevral ayında pilotsuz uçuş aparatının zərbəsi nəticəsində yaranmış zədələrin qiymətləndirilməsini başa çatdırıb.
MAQATE-nin nəticələrinə görə, sığınacağın mümkün radioaktiv sızıntıları saxlamaq qabiliyyəti faktiki olaraq itirilib. Zərərin bir hissəsi üzərində ilkin və müvəqqəti təmir işləri görülsə də, Agentlik sığınacağın tam bərpası üçün işlərin davam etdirilməsini tövsiyə edir.
Xatırladaq ki, 2022-ci ilin fevralında Rusiya ordusu genişmiqyaslı işğalın ilk saatlarında Çernobıl zonasına daxil olmuşdu. Ukrayna bölmələri radiasiya təhlükəsinin yüksək olduğu ərazidə döyüş aparmağın ağır nəticələrə səbəb ola biləcəyini nəzərə alaraq geri çəkilmişdi.
Rusiya hərbçilərinin zona daxilində, xüsusilə də ən çirklənmiş ərazilərdən biri olan “Qızılı meşə”də yerləşməsi radioaktiv tozun havaya qalxmasına və radiasiya səviyyəsində qısa müddətli sıçrayışlara səbəb olmuşdu. Ukrayna tərəfi və beynəlxalq mütəxəssislər bunu nüvə təhlükəsizliyi normalarının açıq şəkildə pozulması kimi qiymətləndirmişdi.
Rusiya qoşunlarının ərazidən çıxmasından sonra Ukrayna və MAQATE mütəxəssisləri stansiyanın ətrafında döyüşlərin və təsadüfi atəşlərin nəticələrini mütəmadi şəkildə qeyd edir. Reaktorların özündə birbaşa zədələnmə qeydə alınmasa da, obyektin təhlükəsiz saxlanmasını təmin edən infrastrukturda risklərin mövcudluğu beynəlxalq ictimaiyyət üçün ciddi narahatlıq olaraq qalır.