Ermənistanın baş naziri Nikol Paşinyan Tavuş vilayətinin Azərbaycanla sərhəddə yerləşən Kirants kəndində sakinlərlə gəzinti təşkil edərək bölgədəki vəziyyət barədə açıqlamalar verib.
Modern.az-ın məlumatına görə, o bildirib ki, sərhəd xəttinin demarkasiyasından sonra ərazidə sabitlik yaranıb və son bir ildə heç bir insident baş verməyib.
Paşinyanın sözlərinə görə, demarkasiyadan sonra sərhəddə üç mərhələli etimad prosesi formalaşıb:
“Bir müddət öncə həm erməni, həm də azərbaycanlı sərhədçilər səngərlərdən çıxaraq bir-birlərini açıq şəkildə görə bildilər. Daha sonra ikinci mərhələdə dəbilqə və zirehli jiletlər çıxarıldı. Üçüncü mərhələdə isə avtomat silahlarda patron saxlanılmaması barədə razılıq əldə olundu. Mən indi burada dayanmışam və heç bir təhlükə hiss etmirəm,” – deyə Paşinyan bildirib.
Baş nazir, həmçinin qeyd edib ki, artıq Azərbaycan ərazisi vasitəsilə Ermənistana dəmir yolu ilə yüklər daxil olur və yaxın zamanda Ermənistandan da yüklərin göndərilməsi gözlənilir.
“Kirants bu gün sülh kəndidir. Sərhədin demarkasiyasından sonra kəndin əhalisi 50 faiz artıb,” – Paşinyan əlavə edib.