Yaponiyanın hərbi təyyarələri dəfələrlə Çinin Hərbi Dəniz Qüvvələrinin təlim ərazisinə yaxınlaşaraq uçuş təhlükəsizliyinə ciddi təhlükə yaradıb.
Modern.az-ın məlumatına görə, bu barədə Çin Hərbi Dəniz Qüvvələrinin "WeChat" sosial şəbəkəsindəki açıqlamasında bildirilib.
Məlumata görə, daha əvvəl "Lyaonin" aviadaşıyıcı qrupu əvvəlcədən elan edilmiş ərazidə Miyako boğazının şərqindəki akvatoriyada göyərtə qırıcılarının planlı təlimlərini keçirib.
"Bu müddət ərzində Yaponiya Özünümüdafiə Qüvvələrinin təyyarələri dəfələrlə Çin Hərbi Dəniz Qüvvələrinin təlim ərazisinə yaxınlaşaraq müdaxilə yaradıb, Çinin adi təlimlərinə ciddi təsir göstərib və uçuş təhlükəsizliyini ciddi şəkildə təhlükə altına alıb", - açıqlamada deyilir.
Qeyd olunur ki, Yaponiya tərəfinin təlimlər ətrafında qaldırdığı ajiotaj reallığa uyğun deyil.
"Çinin Hərbi Dəniz Qüvvələri öz təhlükəsizliyini, qanuni hüquqlarını və maraqlarını qətiyyətlə qorumaq üçün qanuna uyğun olaraq zəruri tədbirlər görəcək", - açıqlamada vurğulanır.