Oktyabr ayında İrəvanda qətlə yetirilən 23 yaşlı çeçen əsilli Ayşat Baymuradovanın şəxsiyyəti və ölümü ilə yeni məlumatlar yayılıb.
Modern.az-ın məlumatına görə, “The Insider” yazır ki, Baymuradova Çeçenistan rəhbəri Ramzan Kadırovla qohum olub.
Hüquq müdafiəçisi Svetlana Anoxinanın sözlərinə görə, Ayşatın nənəsi Kadırovun atası Axmat Kadırovun əmisi qızı olub.
Məlumata əsasən, Ayşat 17 yaşında atıcılıq üzrə təlimatçı Alsot Teliyevə ərə verilib. Teliyev həm də Çeçenistanın təhlükəsizlik strukturlarında çalışan hərbçilərə təlim keçirmiş şəxslərdən biridir. Baymuradovanın Çeçenistanda bir övladı qalıb.
Hüquq müdafiəçiləri bildirirlər ki, Ayşatın Çeçenistandan qaçışı bir il əvvəl planlaşdırılıb. Ermənistan ərazisinə daxil olduqdan sonra onun ardınca heç bir axtarış elan edilməyib, yalnız həyat yoldaşı tərəfindən təhdid mesajları göndərilib. Buna baxmayaraq, Baymuradova açıq sosial media hesabları idarə edir, şəkillər və geolokasiya paylaşır, üstəlik Çeçenistan rəhbərliyini tənqid edən paylaşımlar edirdi.
Mərhumun yaxınlarının sözlərinə görə, Ayşat son dəfə Karina İminova adlı qadınla birlikdə görülib. İminova iki ay əvvəl onunla əlaqə saxlayaraq Avropaya köçməyə yardım edəcəyini vəd etmişdi. Ayşat Almaniyaya humanitar viza almağa çalışsa da, müraciəti “kifayət qədər güclü hesab edilməyib”.
Baymuradovanın meyiti üç gün sonra İrəvanın mərkəzindəki mənzillərdən birində tapılıb. Şahidlərin sözlərinə görə, mənzil “tamamilə qan içində” olub. Cəsəd giriş qapısının yaxınlığında aşkarlanıb, üzərində zorakılıq əlamətləri və mənzildən çıxmağa cəhd etdiyini göstərən izlər qeydə alınıb.