Modern.az

Azərbaycanın Qəzzaya qoşun göndərməməsinin 3 ƏSAS SƏBƏBİ

Azərbaycanın Qəzzaya qoşun göndərməməsinin 3 ƏSAS SƏBƏBİ

Dünya

10 Dekabr 2025, 13:14

Bir neçə gün əvvəl Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qəzzaya sülhməramlıların göndərilməsi barədə təkliflərə münasibət bildirib. 

Nazir təsdiqləyib ki, Azərbaycan beynəlxalq stabilləşdirici qüvvələr kimi ora dəvət alıb.

"Dəvət edilən ilk ölkələrdən biri olmuşuq. ABŞ-dən bizə dəvət gələndə açıqlaması bu oldu ki, Azərbaycan nadir ölkələrdəndir ki, bütün region ölkələri ilə yaxşı əlaqəsi var və neytraldır. Bu baxımdan, orada iştirak etmək üçün önəmli ölkədir", - Ceyhun Bayramov qeyd edub.

Onun sözlərinə görə, Azərbaycanın sülhməramlı göndərəcəyi hələlik dəqiq deyil. "Bu istiqamətdə tərəfimizdən qaldırılan sualların hamısının cavabı olmadığı üçün Azərbaycan heyətinin iştirakı dəqiq deyil", - deyə nazir vurğulayıb.

Modern.az-ın məlumatına görə, Azərbaycanın sülhməramlı missiyada iştirak ehtimalı ilə bağlı yeni məlumatlar açıqlanıb.

Belə ki, ABŞ ilk dəfə olaraq Qəzza müharibəsindən sonra İsrail ordusunu tədricən əvəz etməli olan Beynəlxalq Sabitlik Qüvvələrinə əsas namizədlər sırasında Azərbaycanın və İndoneziyanın adını rəsmi şəkildə qeyd edib. Lakin "Times of Israel" nəşri yazır ki, Dohadakı forum çərçivəsində yüksək vəzifəli azərbaycanlı rəsmilərlə keçirilən söhbətlər Bakının hələ heç bir qərar vermədiyini göstərir.

Rəsmilərin bildirdiyinə görə, Azərbaycanın mövqeyi ərəb ölkələrinin artıq bəyan etdiyi xəttlə demək olar ki, üst-üstə düşür. Yəni, missiya yalnız sülhməramlı xarakter daşımalıdır və heç bir halda “sülhə məcburetmə”, xüsusilə də HƏMAS-ın qismən və ya tam tərksilahı kimi silahlı əməliyyat elementləri ola bilməz.

Azərbaycan tərəfi həmçinin aydınlaşdırmaq istəyir ki, beynəlxalq qüvvələrin mandatı geniş “Fələstin məsələsi” ilə bağlı olacaq, yoxsa yalnız Qəzza zolağı ilə məhdudlaşacaq. Əgər missiya sırf Qəzza ilə məhdudlaşdırılarsa, bu halda Azərbaycanın qoşulması “çətin qərar” ola bilər.

Rəsmilərin sözlərinə görə, Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının üzvü kimi fələstinlilərin humanitar durumunu prioritet hesab edir və onların maraqlarına xidmət etməyən təşəbbüslərlə assosiasiya olunmaq istəmir. ABŞ-la bu mövzuda hələ ciddi və detallı danışıqlar aparılmadığından Bakının missiyada iştirak ehtimalı barədə danışmaq tezdir.

İştirakla bağlı üçüncü mühüm faktor isə daxili ictimai-siyasi reallıqdır. Azərbaycan 30 ilə yaxın davam edən Ermənistanla münaqişəni yeni başa vurub və cəmiyyət savaşlardan yorulub. Rəsmilər etiraf edir ki, minlərlə kilometr uzaqda hər iki tərəfdən atəş riski olan zonaya Azərbaycan hərbçilərinin göndərilməsi ölkə daxilində birmənalı qarşılanmaya bilər.

Bakı daha əvvəl NATO çərçivəsində Əfqanıstanda Kabil hava limanının mühafizəsi çərçivəsində beynəlxalq missiyalarda iştirak etsə də, Qəzza üçün lazım olacaq logistik infrastruktur və real töhfə həcmi hələ də müzakirə mövzusudur.

Hazırda yalnız İndoneziya missiyaya qoşulmağa açıq şəkildə hazır olduğunu bəyan edib və 20 minə qədər hərbçi göndərə biləcəyini bildirib. Lakin bu ölkə də BMT Təhlükəsizlik Şurasının rezolusiyasından sonra təxminən bir aydır mövzu ətrafında səssiz qalıb.

Elnur Əmirov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Moskvaya hücum - Hava limanları bağlandı